İstedadlı şair, əməkdar jurnalist Rəşid Faxralı (Rəşid Məmməd oğlu Hüseynov) 1954-cü il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1970-ci ildə Faxralı kənd orta məktəbini, 1975-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakultəsini, 1992-ci ildə isə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. Əmək fəaliyyətinə Faxralı kənd orta məktəbində müəllim kimi başlayıb və Bolnisi rayonunda qəzet redaksiyasında müxbir, redaktor müavini kimi vəzifələrlə davam etdirib.
1990-2002-ci illərdə “İnşaatçı”, “Ədalət”, “Xalq Ordusu” qəzetlərində müxbir, məsul katib və “Hərbi bilik” jurnalında redaktor olaraq çalışıb. 1992-ci idən hərbi qulluqçu kimi Vətənə xidmət edib. II qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan mayordur. 25 kitabın, 4 sənədli filmin müəllifidir. "Qızıl qələm", "Məmməd Araz" və "Həsən bəy Zərdabi" mükafatlarının laureatıdır. Onun Azərbaycanın 2020-ci il sentyabr ayının 27-də başlayan və 44 gün davam edən müqəddəs Zəfər yürüşünə həsr etdiyi şeirlərdən bir neçəsini təqdim edirik.
Vətən müharibəsi
Tanrının qadirliyi
isindirən nəfəsi,
Dədə kəlamlarının
İşığında döyüşən
ərliyin təntənəsi,
Murovdağın,
Ərgünəşin,
Diridağın, ...
bir boy da dikəlməyə
salavatı, həvəsi -
Vətən müharibəsi.
Tətik sıxan barmağın
qüdrətinə bax, yağış!
Qorxub qaçan düşmənin
yollarına yağ, yağış.
Döyüşən əsgərlərin
dönməz döyüş ruhuna
qələbə suyu olsun
bir ovuc dümağ yağış;
İşğalın son nəfəsi -
Vətən müharibəsi!
Döyüşdə döyüşçünün
qəlbini Vətən bilir,
Döyüş, zəfər ruhunu
qələbəyə tən bilir
Cıdır düzündən gələn
"Qarabağ şikəstəsi",
Vətən müharibəsi!..
Azərbaycan əsgəri
Döyüş gedir, bu döyüş
Dünya boyda torpağa
məhəbbət döyüşüdü.
Canım Azərbaycana
sədaqət döyüşüdü.
Gücünü yer üzünə
görk eləyib döyüşdü,
Şəhidlərin ruhunu
börk eləyib döyüşdü
Azərbaycan əsgəri.
Əsgərdi, Vətən adlı
məhəbbətin əsgəri!
İllərin ödəncitək
Vətən adlı dünyaya
sədaqətin əsgəri!
Başlanğıcdan bu günə
nəhayətin əsgəri,
Azərbaycan əsgəri!
Sizin sağ-solunuzda
güllələrdən əlləri
didilən dağ döyüşür,
Qundağından qan daman
neçə yaraq döyüşür,
Yaralı əsgərlərin
yaralı əllərində
qanlı bayraq döyüşür,
Azərbaycan əsgəri!
Bu gün mənim döyüşüm
sözdən doğulan döyüş...
Qələbələr deməkdi
yeri-göyü yandıran
oddan doğulan döyüş,
közdən doğulan döyüş,
Düşmənə son nəfəsdi,
sizdən doğulan döyüş,
Azərbaycan əsgəri!
Göy üzünün çiynindən
sürüşübdü çuxası...
Qələbə ruhu sizə
döyüş uvertürası,
Azərbaycan əsgəri!
Bayraq – Vətən bayrağı!
Bu, Füzuli!
Bu, Cəbrayıl!
Bu, Zəngilan!
Bu, Qubadlı!
Ruhumuzun nidası
nə gözəl sığal çəkir
göylərin göy üzünə.
Bir döyüşlük yol qalıb
burdan Cıdır düzünə,
Bayraq - Vətən Bayrağı!
Ruhum Şuşadı, əsgər!
Sərhədin ən gözəli
incə şüşədi, əsgər.
Dünyanı heyran edən
yerdi, guşədi, əsgər.
Şəhər biçimli qala,
Qala biçimli şəhər
Ruhum Şuşadı, əsgər!
Zəfər bayrağı
Sellər kimi axıb gələn,
Şimşək kimi çaxıb gələn,
Köynəyindən çıxıb gələn
Səhər sənin səhərindi,
Azərbaycan əsgəri!
Gecə üzərlik üstədi,
Qələbə ərlik üstədi...
Barmağın tətik üstədi,
Zəfər sənin zəfərindi,
Azərbaycan əsgəri!
Eyni açılıbdı ruhumun bu gün,
Bu soraq dolaşır aranı-dağı.
Vətən intizardan qurtardı,
indi
Şuşaya güzgüdü zəfər bayrağı!
Dağlar dağ səbriylə dinləyir indi
Qalib əsgərlərin ayaq səsini.
Cıdır düzü gülür...
İsa bulağı
Oxuyur "Qarabağ şikəstəsi"ni!..
8-9 noyabr, 2020-ci il
Hazırladı Mina RƏŞİD