22.11.2024, 09:42
AZ EN
26.10.2022, 18:10 395

Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı keçirilib

XƏBƏRLƏR
  • Oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin bölmələr üzrə hesabat məruzələri tədbirdən əvvəl kitab halında qurultay iştirakçılarına paylanılıb. Birliyin sədri, Xalq yazıçısı Anar qurultayın 3 il öncə keçirilməli olduğunu, pandemiya səbəbindən gecikdiyini bildirib. Xalq yazıçısı deyib: “Bu gün Azərbaycan Yazıçıları XIII Qurultayını qalib ölkənin yazıçısı kimi keçirir. Bizə bu qələbəni, tarixi Zəfəri yaşatdığı üçün bütün yazıçılar adından Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, AYB-nin üzvü, akademik İsa Həbibbəyli  çıxış edərək yazıçıları təbrik edib.

Sonra AYB-nin katibi İlqar Fəhmi qurultayın iştirakçıları adından ölkəmizin başçısına ünvanlanmış müraciəti oxuyub.

Qurultayda AYB-nin Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə, Mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı, Türkiyənin sabiq mədəniyyət naziri, yazıçı Namiq Kamal Zeybək, Xalq yazıçısı, akademik Kamal Abdulla, Rusiyanın keçmiş mədəniyyət naziri, görkəmli tənqidçi, ədəbiyyatşünas alim Yevgeni Sibrov, Milli Məclisin deputatı, ədəbiyyatşünas alim Jalə Əliyeva, Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Yusif Huşk, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar, Xalq yazıçısı Elçin Əfəndiyev, Xalq şairləri Ramiz Rövşən, Vahid Əziz, Milli Məclisin deputatları, akademiklər Nizami Cəfərov, Rəfael Hüseynov, AYB-nin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu, yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, AYB-nin Gənclər Şurasının sədri Fərid Hüseyn, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz, AYB-nın Türkiyə təmsilçisi, yazıçı-tərcüməçi İmdad Avşar və başqaları çıxış edərək təbrik sözü söyləyib, Azərbaycan ədəbiyyatının müasir inkişaf mərhələlərindən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Qurultayda AYB-nin orqanları olan “Azərbaycan”, “Ulduz” və “Literaturnıy Azerbaydjan” jurnalları, “Qobustan” toplusu, “Ədəbiyyat” qəzeti və digər nəşrlər haqqında geniş məlumat verilib.

Qurultayda təşkilati məsələlərə baxılıb.

Xalq yazıçısı Anar Rəsul oğlu Rzayev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.

Qurultayda AYB-nin rəhbər strukturu, ağsaqqallar şurası, idarə heyəti və təftiş komissiyası seçilib.

Sonda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ona yenidən etimad göstərdiklərinə görə qurultay iştirakçılarına minnətdarlığını bildirib.

AYB-nin sədri tədbirin belə yüksək səviyyədə, möhtəşəm şəkildə keçirilməsinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib və vurğulayıb ki, Azərbaycan yazıçısı millətinə, dövlətinə və ədəbiyyata hər zaman sadiqdir və həmişə bu yoldadır.

Bununla da Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı öz işini başa çatdırıb.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR