Yazıçılar Birliyinin üzvü, gənc şair, publisist Azadə Novruzovanın “Yenə yadıma düşdün” adlı kitabı Təbrizdə “Bu kitabı ürəyimin şəhəri Təbrizə sunuram” epiqrafı ilə çap olunub. Kitaba Azərbaycan və fars dillərində müəllifin müxtəlif illərdə qələmə aldığı şeirləri daxil edilib. Şeirləri fars dilinə şair-tərcüməçi Xosrov Barışan çevirib. Kitab “Yaşar Qələm” nəşriyyatında işıq üzü görüb.
Məlumat üçün bildirək ki, Novruzova Azadə Yamən qızı 1976-cı ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə (Sisian) rayonunun Şəki kəndində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. Əmək fəaliyyətinə 1997-ci ildə “7 gün” qəzetinin redaksiyasında başlayıb. Yazıları “Ədəbiyyat”, “525-ci qəzet”, “Bütöv Azərbaycan” qəzetlərində, “Ulduz”, “Azərbaycan”, “Aran”, “Mədəni-Maarif”, “Füyuzat”, “Kitabxanaşünaslıq və İnformasiya” (elmi-nəzəri və praktiki jurnal) və başqa jurnallarda çap edilib. O, bir neçə kitabın müəllifi, tərtibçisi, redaksiya şurasının üzvü, məsləhətçisi, biblioqrafı və redaktorudur. 200-dən artıq elmi-publisistik məqalənin müəllifidir.
Jurnalistlər Birliyinin, İLESAM-ın (Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliyi), ASKEF-in (Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu), Türkmən Ədəbiyyatçı və Yazarlar Birliyinin, Avrasiya Ədəbiyyat Hərakatının (ЛИФФТ), Международное содружества народной дипломатии (МСНД) birliyinin üzvüdür.
Beynəlxalq “Nəsimi”, “ЛИФФТ” Festivallar Festivalının və “Nizami Gəncəvi” Forumunun iştirakçısı olub.
Qarabağ həqiqətlərindən, Xocalı faciəsindən bəhs edən bədii yaradıcılıq nümunələri rus, ingilis, türk dillərinə tərcümə edilərək Türkiyə, Rusiya, Ukrayna, İraq, İran, Misir və başqa xarici ölkələrdə çap olunub.
2022-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Mükafat Komitəsinin qərarına əsasən Akademiyanın Türk Dünyası Ədəbiyyatına Xidmət Beynəlxalq mükafatı ilə təltif olunub.
Hazırda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsman)ın Aparatında çalışır. Beynəlxalq konfrans, təlim, dəyirmi masa, kitab sərgiləri və tədbirlərin iştirakçısıdır. Vətəndaş cəmiyyəti üzvləri ilə fəal ünsiyyəti var. “Füyuzat” ədəbi-ictimai dərgisinin yazarıdır.
Mina RƏŞİD