17.06.2025, 04:57
AZ EN
03.08.2023, 16:11 390

Şəhid anasından bəhs edən “Maya” filmi Kiprdə təqdim ediləcək

XƏBƏRLƏR
  • Sentyabrın 8-də “Maya” filminin Kiprdə təqdimatı keçiriləcək. Bu barədə mətbuata filmin ssenari müəllifi və rejissoru, Azərbaycan Yazıçılar Brliyinin İdarə Heyətinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Xəyal Rza məlumat verib.

Təqdimat Şimali Kipr Türk Respublikasının Baş nazirliyinin dəstəyilə, Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyi tərəfindən təşkil ediləcək. Vehit Güney Sənət Mərkəzində keçiriləcək filmin təqdimatında respublika rəhbərliyi, millət vəkilləri və sənət adamları iştirak edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Türk Müəllifləri Birliyinin və “ES Baku”nun maliyyə dəstəyilə çəkilən “Maya” filmi əzablı, iztirablı qadın taleyindən bəhs edir. Maya şəhid Xalid Hassanın anasıdır.

Xalid Mahmud oğlu Hassan 1995-ci il yanvarın 26-da Sumqayıt şəhərində anadan olub. Atası Mahmud Hassan əslən Misirdən, anası Maya Quliyeva isə əslən Ağdam rayonunun Saybalı kəndindəndir. Qazaxıstanda yaşayan Xalid 10-cu sinfə qədər Almatı şəhərində təhsil alıb, tam orta təhsilini Azərbaycanda başa vurub. Xalid ailəli idi, Məryəm adında bir qızı yadigar qalıb.

Xalid 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyilə Ağdam Rayon Hərbi Komissarlığına müraciət edib. O, Vətən müharibəsi zamanı Suqovuşan, Talış və Ağdərə istiqamətlərində gedən döyüşlərdə savaşıb. Xalid Hassan noyabrın 4-də Kəlbəcər-Şuşa yolunun Ağdərə ərazisində gedən döyüşlərdə şəhid olub.

Şəhid anası Maya Quliyevaya həsr olunmuş eyniadlı filmin operatoru Rafiq Əliyev, operator assistenti Kənan Fərzəliyev, montaj rejissoru Aydan Əhmədova, prodüseri Tahir Tahiroviç, bədii rəhbəri isə görkəmli kinorejissor, Xalq artisti Oktay Mirqasımdır.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR