18.07.2025, 16:50
AZ EN
18.07.2025, 11:56 25

Milli mətbuatımızın 150 illiyinə həsr olunmuş “MətbuArt” beynəlxalq incəsənət simpoziumu keçirilir

XƏBƏRLƏR
  • “Azərbaycan Nəşriyyatı” MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə Bakıda milli mətbuatımızın 150 illiyinə həsr olunmuş “MətbuArt” beynəlxalq incəsənət simpoziumu keçirilir. İncəsənət və mətbuatın kəsişdiyi yaradıcı platforma iyulun 22-dək davam edəcək.

Simpoziumda 17 azərbaycanlı və 17 xarici rəssam, fotoqraf və heykəltaraş bir araya gəlib. Onlar müxtəlif ölkələri, mədəniyyətləri və estetik dünyagörüşlərini təmsil etsələr də, bu gün ortaq bir mövzu ətrafında düşünür və yaradırlar: “Qloballaşan dünyada incəsənətin və mədəniyyətin birləşdirici gücü”. 

“Söz. Çap. Forma – birləşən dünyalar” şüarı altında reallaşan simpoziumun əsas məqsədi Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna diqqət çəkmək və onunla sıx bağlı olan “Azərbaycan” nəşriyyatının bir əsrdən artıq tarixini incəsənət dili ilə əks etdirməkdir. Belə ki, tədbir çərçivəsində kağız tullantılarından, çap sənayesinə aid köhnəlmiş və sıradan çıxmış avadanlıqlardan, ehtiyat hissələrindən və digər texniki materiallardan sənət əsərləri ərsəyə gəlir.

Qeyd edək ki, simpozium günlərində təşkil olunan ustad dərsləri və açıq studiyalar sənətkarlarla daha yaxın təmas qurmağa şərait yaradır. Ziyarətçilər canlı olaraq yaradılan əsərləri izləyir, sənətkarların fikirlərini dinləyirlər.

Azərbaycan mətbuatının 150 illik tarixinin sənət vasitəsilə şərhi həm yaddaşın qorunmasına, həm də gələcək nəsillərə fərqli baxış bucağı ilə ötürülməsinə imkan verir. “Azərbaycan Nəşriyyatı”nda bir həftə davam edəcək yaradıcı platformanın ziyarətçiləri təkcə incəsənətə deyil, həm də mətbuat tariximizin bədii təfsirinə şahid olacaqlar.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər