03.08.2025, 01:28
AZ EN
30.01.2025, 13:00 321

Bu gün göyçəli aşıq Bəhmən Kazımovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Əməkdar mədəniyyət işçisi, aşıq Bəhmən Kazımovun (Ardanışlı) doğum günüdür.

Bəhmən Kazımov 30 yanvar 1960-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kəndində anadan olub. 1967-ci ildə Ardanış kənd orta məktəbinin I sinfinə daxil olmuş və 1977-ci ildə həmin məktəbi bitirib. 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya-biologiya fakültəsinə daxil olub. 1982-ci ildə Ağdaş rayonu Yenicə kənd orta məktəbində coğrafiya, biologiya ilə bərabər musiqi müəllimi işləmiş, eyni vaxtda bu məktəbdə direktorun tədris işləri üzrə müavini olmuşdur.

Bəhmən Kazımov 1984-cü ildə Göyçə mahalına qayıdaraq öz doğma kəndi Ardanış və həm də eyni vaxtda Şorca kənd orta məktəblərində coğrafiya müəllimi işləmişdir. 1985-ci ildən Ardanış kənd orta məktəbində həm də biologiya və musiqi müəllimi kimi çalışmışdır.

Aşıq 1988-ci ildə erməni təcavüzü nəticəsində öz doğma ata-baba torpaqlarını tərk etmək məcburiyyətində qalaraq Bakı şəhərinə pənah gətirib.

Qeyd edək ki, Aşıq Bəhmənin ustadı atası Aşıq İsa olub. Aşıq 1989-cu ildə unudulmaz şairimiz Hüseyn Arifin təklifi ilə Azərbaycan Aşıqlar Birliyinə üzv qəbul olunub. O, bu dövrdən aşıq sənətinə daha da önəm vermiş və bütün həyatını atası rəhmətlik Aşıq İsanın davamçısı olaraq aşıq sənətinə  bağlamışdır.

Aşıq Bəhmən 1990-cı illərdən başlayaraq bütün dövlət tədbirlərinə dəvət alır və müxtəlif festivallarda iştirak edir. Azərbaycan Aşıqlar Birliyinin son üç qurultayına üzv seçilib. Həmçinin, Birliyin rəyasət heyətinin üzvü olub. 2018-ci ildən "Göyçə" saz folklor qrupunun rəhbəri, 2022-ci ildən “Dədə Ələsgər”ədəbi məclisinin üzvüdür.

Tanınmış aşıq 1986-cı ildə Çəmbərək rayonunda ailə musiqi festivalında I yerə layiq görülüb və İrəvan şəhərində respublika festivalında fəxri diplomla təltif olunub.

16 oktyabr 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi müxtəlif tədbirlərdə və festivallarda fəal iştirakına görə Aşıq Bəhmənin əməyini yüksək qiymətləndirib və dəfələrlə onu diplomlarla mükafatlandırıb.

2022-ci ildə Aşıq Ələsgərin 200 illiyində fəal iştirakına görə "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif olunub.

Təbrik edirik!

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR