Layihə çərçivəsində növbəti təqdimatlardan biri Şuşa şəhərinin Ocaqqulu küçəsində yerləşən Zöhrabbəyovun evinə həsr olunub.
Evin sahibi Şuşanın məşhur soylarından biri Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Evin tikintisini Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Mirzə Əkbər bəy dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb.
Ev XIX əsrdə, Arran memarlıq məktəbi üslubunda inşa edilib. Memarı Kərbəlayı Səfixan Qarabağidir.
Evin tikintisi üçün Abbasqulu bəy Türkiyədən, İrandan gözəl ustalar dəvət etmişdir. 3 mərtəbəli evin iri və geniş şüşəbəndi başdan ayağa antik rəsmlərlə bəzədilib. Hər mərtəbədə 200-250 nəfərlik zal, şüşəbənd, yataq otağı, uşaq otağı, buxarlı aşbazxana və digər otaqlar var idi.
Sonralar Abbasqulu bəyin evi müsadirə edilir, özü isə ailəsi ilə birlikdə Bakıya köçür. Sonradan bu ev şəkil qalereyasına çevrilib.
Erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb. İşğal dövründə bina baxımsızlıq ucbatından dağıntılara məruz qalıb. (AZƏRTAC)