Bakı Kulinariya Assosiasiyasının prezidenti İlkin Əkbərzadə müsabiqə barədə “Xalq qəzeti”nə məlumatında qeyd edib ki, bu müsabiqə dünyada ən böyük kulinariya müsabiqələrindəndir. Komandamız Pakistanın 20 komandası ilə yarışırdı. Aşpazlarımızın peşəkarlığı onlara birincilik qazandırdı. Bizim komandanın xörəkləri müsabiqədə heyranlıq doğururdu. Bütün kriteriyalar yerində idi. Yeməklərin hazırlanmasından, gigiyena qaydalarına əməl edilməsinə aşpazlarımız həssaslıqla yanaşırdı. Yarışda 5 növ milli yemək nümunəsi təqdim etdik.
Azərbaycan kulinariyası tarixinə və özünəməxsusluğuna görə, digər dövlətlərin mətbəxindən fərqlidir. Milli xörəklərimiz ləzizliyi və hazırlanma texnologiyası baxımından da seçilir. Yeməklərimizi hazırlayarkən müasir kulinariyanın tələblərini də nəzərə alırıq. Buna görə də, qatıldığımız hər bir beynəlxalq müsabiqədə yüksək keyfiyyət göstəriciləri ilə öndə olmağa çalışırıq. Bu müsabiqənin çempionat mərhələsində peşəkar ustalarımızın hazırladığı milli yemək nümunələri ilə birinci yeri tutduq. Azərbaycan milli yeməklərini müasir üslubda təqdim edən komandanın məharəti böyük maraq doğurdu.
Bu yarışda komandamızın ilk dəfə iştirak etdiyini deyən İlkin Əkbərzadə söylədi ki, 4 nəfərlik heyət qızl medal qazanıb.
Mina RƏŞİD