Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı, gənc şair-jurnalist Orxan Aslanın "Mənə şeir yaz" şeirlər kitabının təqdimat və imza günü keçiriləcək.
Təqdimat 23 yanvar saat 15-də “Azərkitab” kitab təbliğatı mərkəzində baş tutacaq.
Redaktoru tanınmış yazıçı Şərif Ağayar olan kitabda müəllifin son 5 ildə yazdığı şeirlər toplanıb.
Azərbaycan Universitetinin Jurnalistika və filologiya fakültəsinin məzunu olan Orxan Aslan “Vətən səsi” ilə də fəal əməkdaşlıq edir. Qəzetimizdə onun bir sıra maraqlı yazıları dərc edilib.
Orxana yaradıcılıq uğurları arzulayırıq Özümlə söhbət...
Bu gecə özümü düşündüm təkcə,
qaranlıq otaqda bir işartıyam.
Siqaret közərir külqabı üstə,
divarda görünən bir qaraltıyam.
Nə vaxtdır özümdən uzaq düşmüşəm,
halımı sormuram, maraqlanmıram.
Bu nə biganəlik, ruhuma qarşı,
heç özüm-özümü bağışlamıram.
Ağlıma qəribə fikirlər gəlir,
deyəsən, özümdən yaman qaçıram.
Ərinmək də təzə vərdişim olub,
hər qapı döyənə qucaq açııram.
Ən böyük savaşım güzgüdə olur,
getdikcə əksimə hey uduzuram.
Səhvlərim orda yox, şəxsimdə olur,
dalana dirənib, məğlub oluram.