Xanəndənin yaradıcılığında “Şur”, “Segah” muğam dəsgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, “Segah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə, həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.
Arif Babayev 1990-cı ildə muğam professoru adını alıb. Onun səhnə mədəniyyəti həm xanəndə, həm də artist üçün əsas amillərdən biridir. Arif müəllim öz səhnə mədəniyyəti ilə də seçilir. Bu, onun xasiyyətində, hərəkətində təbii xarakter daşıyır. Arif Babayev xoşbəxt sənətkardır, çünki tale ondan heç nəyi əsirgəməyib. Yaraşıqlı, boy-buxunlu, cüssəli – bu da səhnə üçün çox vacib olan amillərdəndir. Arif Babayevin yaradıcılığının inkişafında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının misilsiz rolu olub. O, uzun illər bu teatrın solisti kimi fəaliyyət göstərib, bu işdə yorulmadan çalışaraq bir-birindən gözəl obrazlar yaradıb. Burada çalışdığı müddətdə, qısa bir zaman ərzində teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operaları), Aşıq Qərib (Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası), Camal (Şəfiqə Axundovanın “Gəlin qayası” operası), Şah İsmayil (Müslüm Maqomayevin “Şah İsmayıl” operası) kimi yaddaqalan obrazları yaradıb və dinləyici auditoriyasında böyük uğur qazanıb.
Arif Babayev dünyanın 50-dən çox ölkəsində qastrol səfərlərində olaraq Azərbaycan muğamını ləyaqətlə xarici ölkə tamaşaçılarına təqdim etmiş, Amerika, Avropa, Asiyanın bir çox ölkələrində Azərbaycan muğam sənətini musiqisevərlərə tanıdıb. Onun səsi respublikada və xaricdə qrammofon vallarına və kompakt disklərə yazılıb. Onun yetirmələri bu gün muğam sənətinin tanınmış simalarıdır.
Böyük sənətkar muğam müsabiqələrində münsiflər heyətinin üzvü kimi iştirak edir. O, öz bilik və bacarığını istedadlı xanəndələr nəslinin yetişməsinə sərf edərək, Qarabağ muğam ifaçılığı ənənələrini yaşatmağa çalışır.
Dövlətimiz tərəfindən muğam sənətimizin inkişafındakı xidmətlərinə görə A.Babayevin yaradıcılığı həmişə yüksək qiymətləndirilib. O, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenlərinə layiq görülüb. Ona 2010-cu ildə Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl Çinar” mükafatı təqdim edilib. A.Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunub.
Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli “Seygah yanğısı”, Rüzgar Əfəndiyeva “Vətəndir Arifin səsi” kitablarını Arif Babayevin yaradıcılığına həsr ediblər. Təhsil Nazirliyi tərəfindən “Arif Babayevin mahnı və təsnifləri” adlı kitab ali və orta ixtisas musiqi məktəbləri üçün dərs vəsaiti kimi nəşr edilib. Müxtəlif illərdə Arif Babayevin həyat və yaradıcılığına həsr olunmuş yeddi sənədli film çəkilib.
Hazırladı: Mina RƏŞİD