O, Qarabağ torpağının füsunkar guşələrindən olan Ərgünəş dağının ətəklərində və Qozluçayın sahillərində dünyaya gəlib. Elə bəstəkar qəlbinin pıçıltısı olan yazdığı həzin və ürəyəyatan mahnılardan da Qarabağ ətri, Qarabağ havası duyulurdu.
AZƏRTAC xəbər verir ki, “Şahnaz təsnifi”, “Səni qəmli görəndə”, “Sən də həmdəm, mən də həmdəm”, “Xatırla məni”, “Bəxtəvər gəlin” kimi sevilən və könüllərə yol tapan nəğmələrin adını çəkəndə söhbətin Bəhram Nəsibovdan getdiyi aydın olur. Müəllifinə böyük şöhrət gətirən və çox populyar olan “Qarabağ” mahnısı da müəllifin uzun illər “xalıq mahnısı” kimi tanınan əsərlərindən biridir. Vətən müharibəsi günlərində soydaşlarımızı birləşdirən mənəvi dəyərə çevrilən 59 yaşlı “Qarabağ” mahnısı sanki təzədən doğuldu. Həmin mahnı bu gün də dillər əzbəridir.
El arasında sevilən 200-dək mahnının bəstəkarı, həm də çoxlu şeir, qəzəl və bəhri-təvilin müəllifi olan dünyadan vaxtsız köçən nakam taleli istedadlı musiqiçinin bu il 80 yaşı tamam olur. Bəstəkarın oğlu Adil Nəsibov atasının 80 illiyi ərəfəsində “Nəğmələrdə yaşayan ömür” adlı kitab nəşr edib. O, Şuşaya həsr etdiyi beş mahnının not yazısını aşkara çıxarıb. Mahnılardan biri Şuşa şəhərinin işğalına, dördü isə Şuşanın işğaldan əvvəlki dövrünü vəsf edir.
Sözləri Nüsrət Kəsəmənliyə aid olan “İsa bulağı”, Rəfiq Zəkaya aid “Cıdır düzü”, Ağabəyim ağa Cavanşirə aid “Vətən bağı”, Sabir Əliyevə aid “Şuşa qalası”, Əkbər Qoşalıya aid “Əziz Şuşa” mahnıları mərhum bəstəkarın Qarabağın mədəniyyət beşiyinə olan sevgisinin ifadəsidir.
Torpaq, el-oba, yurd nisgili ilə əbədiyyətə qovuşan bəstəkarın indiyə qədər ifa edilməmiş bu mahnılarına musiqi həyatı vermək Şuşanın 270 illiyinə ən yaxşı töhfələrdən biri olardı.