Adil Rza oğlu İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə bəy ailəsində dünyaya gəlib. O, ilk səhnə fəaliyyətinə məktəbdə başlayıb, sonrakı illərdə işçi klublarındakı dram dərnəklərində fəaliyyət göstərib. 1928-1931-ci illərdə Bakı Teatr Texnikumunun rejissor-aktyor bölməsində təhsil alıb. 1936-cı ildə Moskvada Lunaçarski adına Dövlət Teatr İnstitutunda təhsilini davam etdirib, Vaxtanqov adına Moskva Bədaye Teatrında rejissorluq təcrübəsi keçib.
1966-cı ilə qədər Adil İsgəndərov kinoda aktyor kimi iştirak edib. İlk dəfə Hüseyn Seyidzadə Adil İsgəndərova "O olmasın, bu olsun" filmində qoçu rolunu verir. O, bazarda Qoçu Əsgərlə atışan qoçu obrazını canlandırır. 1958-ci ildə isə "Uzaq sahillərdə" filmində sahibkar Rosselininin rolunu ifa edir. "Məhəbbət dastanı", "26 Bakı komissarı", “Qanun naminə”, "Axırıncı aşırım" və b. filmlərə çəkilib. 1966-cı ildən başlayaraq “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etməyə başlayıb. Yalnız “Əhməd haradadır?” filminin quruluşçu rejissoru olur. 1937-ci ildən ömrünün sonuna qədər İncəsənət İnstitutunda dərs deyib.
1938-ci ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi adına, 1943-cü ildə isə Azərbaycan SSR Xalq Artisti adına layiq görülüb.
1947-ci ildə Azərbaycan Dövlət Dram Teatrında “Şərqin səhəri” tamaşasının quruluşçu rejissoru kimi SSRİ Dövlət mükafatı (Stalin mükafatı) laureatı olub.
1955-1962-ci illərdə Azərbaycan SSR Ali Sovetinin (4-cü və 5-ci çağırış) deputatı seçilib.
1959-cu ildə SSRİ Xalq Artisti adını alıb.
1966-1974-cü illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində çalışıb.
1976-cı ildə “Axırıncı aşırım” filmində yaratdığı Kərbəlayı İsmayıl roluna görə Ümumittifaq kino festivalının “Kişi rolunun ən yaxşı ifasına görə” nominasiyasının qalibi olub, “Lenin”, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilib.
1978-ci il sentyabrın 18-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Hazırladı: Mina RƏŞİD