19.04.2025, 19:02
AZ EN
24.08.2023, 12:30 320

Bu gün görkəmli bəstəkar Nazim Əliverdibəyovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün görkəmli bəstəkar və pedaqoq Nazim Əliverdibəyovun doğum günüdür.

O, 1926-cı il avqustun 24-də Kislovodsk şəhərində anadan olub. Ailəsi Bakıya köçdükdən sonra ilk musiqi təhsilini Bakı Musiqi Texnikumunda, sonra onillik musiqi məktəbində alıb. Bəstəkar onillik musiqi məktəbinin buraxılış imtahanı zamanı özünün bəstələdiyi pyeslərindən birini ifa etməklə tanınıb. Daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsilini davam etdirərək 1952-ci ildə professor Cövdət Hacıyevin sinfini bitirib. İstedadlı bəstəkar musiqinin müxtəlif janrlarına müraciət edib, uşaqlar üçün “Cırtdan” nağıl-operasının, “Nazxanım naz edir” musiqili komediyasının, “Muğan” xoreoqrafik lövhələrinin, iki balet süitasının, “Mingəçevir” simfonik poemasının, xalq çalğı alətləri orkestri üçün “İçərişəhər” adlı musiqi lövhələrinin, Hüseyn Cavidin sözlərinə silsilə romansların, çoxlu sayda kamera-instrumental və xor əsərlərinin, kinofilmlərə və teatr tamaşalarına yazılmış musiqilərin müəllifi kimi şöhrət qazanıb. Onun, xüsusilə “Bayatı-Şiraz” muğamını akapella xor üçün işləməsi çox orijinaldır.

Nazim Əliverdibəyov Ü. Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operalarının klavir və partiturasının yeni redaktəsini hazırlayıb. Hazırda bu operalar onun redaktəsi ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulur.

Onun “Qəhrəmanlıq” - Simfonik orkestr üçün uvertüra (1951), Simfonik orkestr üçün “Balet süitası” (1956), Simfonik orkestr üçün “Rəqs suitası” (1978), violançel ansamblı və simfonik orkestr üçün “Skertso” (1978) və başqa əsərləri məşhurdur.

Görkəmli bəstəkar Nazim Ağalar oğlu Əliverdibəyov 1985-ci il fevral ayının 17-də Bakıda vəfat edib.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR