22.11.2024, 07:43
AZ EN
26.05.2023, 09:27 332

Bu gün İlyas Əfəndiyevin doğum günüdür

XƏBƏRLƏR
  • İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 26-də Füzuli şəhərində dünyaya göz açıb. Nasir, dramaturq, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Xalq yazıçısı İlyas Əfəndiyevin bir gənc kimi formalaşmasında, onda kitaba, ədəbiyyata maraq oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri olub. 

1921-ci ildə birinci sinfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi “əla” qiymətlərlə bitirib. O, 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olub, 1938-ci ildə bu ali təhsil ocağının coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirib. Həmin ilin axırlarından İlyas Əfəndiyev Bakıda “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” redaksiyalarında çalışıb. Onun ilk mətbu əsəri olan “Buruqlar arasında” oçerki 1938-ci ilin noyabrında, eləcə də “Berlində bir gecə” adlı ilk hekayəsi “Ədəbiyyat qəzeti”nin 1939-cu il 26 yanvar tarixli nömrəsində dərc edilib.

İlyas Əfəndiyevin 1939-cu ildə nəşr edilmiş “Kənddən məktublar” kitabı müəllifinə “ədəbiyyat dünyası”na çıxmaq səlahiyyəti verib. Yazıçının ilk hekayələr kitabı onun orijinal fərdi ifadə tərzinin göstəricisi, daha sonra qələmə aldığı “Aydınlıq gecələr” isə müəllifin ədəbi-estetik görüşlərinin əsası kimi o dövrün ədəbi prosesinin maraqlı nümunələridir.

O, 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan “İntizar” pyesini yazaraq və bununla da yazıçının Azərbaycan milli teatrı ilə 50 ildən çox davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsası qoyulub. Ötən əsrin 40-cı illərinin sonunda o, artıq özünü nasir və dramaturq kimi tanıdıb, əsərləri haqqında mətbuatda yazılar dərc olunub.

XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və başqaları daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açaraq, “İlyas Əfəndiyev teatrı”nı yaradıb. Ədibin qəhrəmanları ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunub. Qətiyyətlə deyə bilərik ki, 60-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində İlyas Əfəndiyevin zəngin dramaturgiyasının böyük rolu olub. Ədibin pyesləri öz fikir zənginliyi, qaldırılan problemlər ilə həmişə tamaşaçıda maraq oyadıb. Onun əsərlərinin ekranlara yol açması da bu baxımından qaçılmaz idi. 

Azərbaycan teatr poetikası bədii-estetik dəyərini geniş mənada “İlyas Əfəndiyev teatrı”nda tapıb. Ədib özünün “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Hökmdar və qızı” və digər tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizəni, istiqlal məfkurəsini, azadlıq hərəkatını, milli birliyi və müstəqilliyini böyük usatalıqla əks etdirib.

Altmış ildən çox yaradıcılıq yolu keçmiş görkəmli sənətkar 90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb-yaradıb, sovet rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra mövzuları yeni zamanın kontekstində oxuculara təqdim edib. O, “Hacı Axundun cənnət bağı necə oldu” hekayəsini, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestini dərc etdirib, “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar” “Hökmdar və qızı” və digər pyeslərinin səhnələşdirilməsinə  nail olub, bir sıra yeni kitablarını nəşr etdiib.

Zəngin yaradıcılıq yolu keçmiş böyük sənətkar İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakı şəhərində dünyasını dəyişib. Unudulmaz yazıçı Fəxri xiyabanda dəfn olunub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR