18.10.2024, 16:25
AZ EN
18.04.2023, 09:00 464

İcazə versələr kəndimizə piyada gedərəm...

XƏBƏRLƏR
  • Ötən ilin dekabr ayında Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü həmin torpaqlardan deportasiya olunmuş soydaşlarımızın qəlbindəki Vətən həsrətini daha da alovlandırdı. Prezidentin çıxışı illərdi yurd nisgili  ilə yaşayan Qərbi Azərbaycanlılara ruh yüksəkliyi, doğma torpaqlarına qayıdacaqlarına böyük inam bəxş elədi. 

Bu gün Naxçıvanda Çalxanqala ərazisində məskunlaşan 2 mindən çox Qərbi Azərbaycanlı da, tezliklə doğulub boya-başa çatdığı, min bir əziyyətlə od-ocaq qurduğu doğma Vətəninə - Dərələyəz mahalına yenidən qovuşmaq arzusuyla yaşayır.  

Məhəmməd Məmmədov, Dərələyəz mahalı Gomur kənd sakini:

- “32 Azərbaycan kəndindən son vaxtlar cəmi 8-i qalmışdı. Bir dəfə bizə dedilər ki, kənd gülləyə tutulacaq. Biz də onlarla vuruşduq. Tarixən bizim kəndimizi ermənilər üç dəfə dağıdıb. Sonra yenə qayıtmışıq. Bir kəndin əhalisini də tamam məhv eləmişdilər. O kənddən bircə ailə qaçıb canını qurtarmışdı...”  

Tamaşa Qasımova, Dərələyəz mahalı Gomur kənd sakini:  

- Qarabağda ermənilər qaldı, amma bizi öz yurdumuzdan çıxardılar. Uşaqları yığdıq maşına. Naxçıvana çatana qədər ağladıq... Yolda maşınımızı daşa basdılar. Çox çətin anlar idi...

Orda hamımız bir yerdə yaşayırdıq. Burada hərəmiz bir tərəfə səpələndik.

Zeytə kənd sakini Şamama Əhmədova deyir ki, o vaxt bir nəfər kimi hamı kənddən çıxdı. Həmin an itlərin ulaşması, heyvanların böyürtüsü, uşaqların, qocaların ağlaşma səsləri hələ də yadımızdan çıxmır...

“Hələ bundan əvvəl gəldim dedim ay dədə, hamı gedir, gəl biz də çıxaq. Dedi, mən heç hara getmirəm. Mənə nə edəcəklər, qoca kişiyəm. Qardaşıma dedi: - O tüfəngi mənə ver, gedib o məktəbin tinində dayanacam ermənilər gələndə bir-bir qıracam onları.  Qoymaram onları kəndə girməyə...” 

Zeytə kənd sakini Sünbül Hüseynova da, doğma yurd həsrətindən, çəkdiyi əziyyətlərdən yana-yana danışır. Deyir ki, biz bura gələndə mənim 38 yaşım vardı. Bu yaşa qədər orada ev qurduq, bağ saldıq, qış vaxtıydı, fevral ayı idi. Yoldaşım gəldi dedi ki, ermənilər Qarabağı istəyir, bizi də buradan köçürmək fikrindədirlər. Dedim bəs bura bizim evimiz-eşiyimizdi, yurdumuzdan necə çıxa bilərik? Düzü, mən əvvəlcə inanmadım yurdumuzdan ayrılacağımıza. Gör nə qədər əziyyət çəkmişdik...

“Naxçıvanlılar sağ olsunlar. Axşam 20-dən çox maşın gəldi və biz evimizdən heç nə götürə bilmədik. Uşaqlar, qadınlar maşınlara yığıldılar. Maşında dörd uşağı qoydum yorğanın arasına və iki çörək də verdim qucaqlarına ki, acanda yesinlər. Amma başlarını yorğandan çölə çıxarmasınlar...”

S.Hüseynova indi gözyaşları içində deyir ki, mənim ürəyim həmişə o yerlərdə olub. Yaz gələndə də, fikrim oralara gedir. O bağ-bağçalar, ev-eşik hamısı gözümün qabağına gəlir... Düzdü çox zəhmət çəkmişik, əziyyətimiz əlimizdə qalıb. Amma indi heç nə istəmirəm. Gedib o dağı, daşı, yurdu görəm sonra ölsəm də qəm yemərəm...

Şamama nənə isə belə deyir: İcazə versələr kəndimizə piyada gedərəm...

Qərbi Azərbaycanın Dərələyəz mahalından olan soydaşlarımız illərdi doğma Vətən arzusuyla yaşayırlar. Bunu onlar danışdıqca gözlərindən süzülən gözyaşları da deyirdi. Gün o gün olacaq ki, onlar və bütün Qərbi Azərbaycanlılar doğma yurdda sevinc gözyaşları içərisində gülümsəyəcəklər...

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər