O, bu dəfə hərbi xidmətinə Murovdağ yüksəkliyindən başlayıb. 6 il burada xidmət göstərdikdən sonra Ağcabədi N saylı hərbi hissəsinə göndərilib və burada da, 2 il xidmət edib. Xidməti dövründə nümunəvi davranışına görə dəfələrlə fəxri fərman və diplomlarla təltif edilib, medala layiq görülüb.
Şəhriyar Əsgərov 2020-ci il sentyabrın 27-də torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ordumuzun Zəfər yürüşünə qoşulub. Vətən müharibəsinin ilk günlərindən düşmənə qarşı mərdliklə vuruşub. Hər döyüş zamanı yüksək qələbə əhvalı ilə irəliləyən komandir əsgərlərini də döyüşə ruhlandırır, onların qələbəyə olan inamını hər an yüksəldirdi. Böyük inamla döyüşə atılan döyüşçülər də əməliyyatı uğurla yerinə yetirirdilər.
Sonuncu dəfə noyabrın 3-də Xocavənd ətrafında gedən döyüşlərdə Şəhriyar ayağından yaralanıb. Ancaq yaralı olsa da döyüş meydanını tərk etməyərək sona qədər vuruşmaq qərarına gəlib. İgid döyüşçü öz silahı və sarsılmaz iradəsi ilə düşmənə qan uddurub. Belə döyüşlərin birində yaralı vəziyyətdə mühasirəyə düşən igid oğlumuz oradan çıxmağın mümkünsüz olduğunu hiss edərək, əl qumbarası ilə özünü və xeyli düşmən əsgərini partladaraq şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Şəhriyar Əsgərov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Şəhriyar şəhid olmamışdan əvvəl ailəsi üçün yazdığı məktubunda deyir ki, Əziz atam və anam, siz bu məktubu oxuyanda artıq mən axirət dünyasında olacağam. Haqqınızı halal edin!
“Anacan, söz vermişdim ki, torpaqlarımız azad olunduqdan sonra səni Şuşaya aparacam. Üzürlü say, anacan, ilk dəfə sənə verdiyim sözü tuta bilmədim. Öpürəm sizləri. İsa və Xədicəni hər gün mənim əvəzimdən öpün! İnşallah, cənnətdə görüşərik…”
Onlar ailədə üç övlad idilər. İki oğlan, bir qız. Şəhriyar ailəsinin ikinci övlad idi. Valideynləri deyir ki, onun uşaqlıqdan Vətən sevgisi vardı. Atası: - “Oğlumla həmişə fəxr eləmişəm. Vətən uğrunda gedib. Mənim də canım qurbandı Vətənə”, deyir.
Anası da övladı ilə qürur duyduğunu söyləyir. Deyir ki, hərbçi olmaq Şəhriyarın uşaqlıq arzusu olub. O, heç vaxt çətinliklərini deməzdi. Müharibədə də, demirdi...
Vətənin igid oğlu çavuş Şəhriyar Əsgərovun bir qız və bir oğul övladı Vətənə əmanət qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!
Mina RƏŞİD