O, 10 dekabr 1997-ci ildə Lerik rayonunun Veri Əliabadı kəndində anadan olub. Onlar ailədə 2 qardaş və 3 bacı olular. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2004-cü ildə Lerik rayonu şəhid Valeh Rəhimov adına Veri Əliabadı kənd ümumi məktəbin 1-ci sinfinə daxil olub. 2013-cü ildə həmin məktəbin 9-cu sinfini başa vurduqdan sonra Astara Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyinə daxil olub. 2017-ci ildə kolleci başa vurduqdan sonra Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Sadiq Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilib. 2019-cu ilin yanvar ayında xidmətini başa vurduqdan sonra evlərinə qayıdıb və ticarətlə məşğul olmağa başlayıb.
2-ci Qarabağ müharibəsində, 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan müharibədə iştirak etmək istəyən Sadiq 21 sentyabr tarixində könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçərək döyüşə yollanıb. Füzuli və Xocavənd uğrunda gedən ağır döyüşlərdə şücaət və qəhrəmanlıqlar göstərib.
Düşmənə sarsıdıcı zərbələr endirən və onun xeyli sayda canlı qüvvəsini məhv edən Sadiq Rəhimov 3 noyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz doğulduğu Lerik rayonu Veri Əliabadı kəndində böyük izdiham və ehtiramla kənd qəbiristanlığında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında müvafiq sərəncamlarına əsasən Sadiq Nadir oğlu Rəhimov ölümündən sonra "Füzulinin azad olumasına görə", "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", “Cəsur döyüşçü” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman Şəhidim!
Mina RƏŞİD