Şəhidin bacısı Ayşən Hüseynova 30 ildən sonra yenidən qədəm qoyduğu doğma kəndlərində göz yaşlarıyla qardaşı haqqında xatirələrini paylaşıb. Deyir ki, qızğın döyüşlərdə Rahib günlərlə yuxusuz, ac-susuz ən qaynar nöqtələrdə vuruşub. Ermənilərin xeyli zirehli texnikasını, 200 nəfərə yaxın canlı qüvvəsini məhv edib. 1993-cü il dekabrın 25-də axşam zəng gəldi ki, qardaşınız yaralıdı, gəlin. Biz gedib qardaşımızın şəhid olduğunu gördük.
Doğma ata-baba ocağına qovuşan və bundan böyük bir həyəcan yaşayan A.Hüseynova “İkinci Vətən Müharibəsində qardaşımın da qisası alındı”, - söyləyir. Cəsarətli oğullar sayəsində torpaqlarımız işğaldan azad olundu. Allaha şükürlər olsun ki, torpaqlarımıza qovuşduq.
Şəhidin qardaşı Həbib Məhərrəmovun da, yenidən doğma Vətənə dönüşünü həyəcansız təsəvvür etmək olmur. O, da bacısı kimi ilk olaraq doğma Vətən torpağında bu yurd uğrunda canını fəda etmiş qəhrəman qardaşını xatırlayır. Deyir ki, Rahib döyüşlərə gedəndə evdə heç kimə demirdi. O, özünə söz vermişdi, demişdi ki, öldü var, döndü yoxdu. Onlar iki dost idilər. Ermənilər onların hər birinin başına 100 min manat pul qoymuşdular...
H.Məhərrəmov sonra doğma ocağın şirinliyindən danışır. Deyir ki, günü bu gün desələr, mən burada ev tikib yaşamağa hazıram...
Bacı-qardaş doğma torpaqda kövrək uşaqlıq illərinə qayıdırlar. “Bax, burada darvazamız vardı, bizim uşaqlığımız bu evdə keçib”, - deyə, daşı-daş üstündə qalmayan evlərini xəyallarına gətirirlər. “Beş uşaq biz bu evdə böyümüşük”, deyirlər. İndi 30 ildən sonra bura Rahibsiz qayıtmaq çox çətindi, söyləyir şəhid bacısı...
Qeyd edək ki, bu gün Vətən torpağında xatirəsi yad edilən Birinci Qarabağ Müharibəsi şəhidi polis baş serjantı Rahib Böyükkişi oğlu Məhərrəmov 1970-ci il iyulun 26-da Cəbrayılın Horovlu kəndində anadan olub. Hərbi xidmətini Almaniyada başa vurub. Onun adı Qarabağ müharibəsinin qəhrəmanı kimi bu gün də, doğma el-obasının yaddaşında yaşayır. Vətən uğrunda Şəhid olanları unutmur.
Mina RƏŞİD