Elgün 26 aprel 1998-ci ildə Şabran rayonunun Daşlıyataq kəndində anadan olub. Ailədə üç qardaşın ən kiçiyi idi. Masazırdakı 3 saylı orta məktəbdə təhsilini bitirdikdən sonra Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olunub. 2016-2017-ci illərdə həqiqi hərbi xidmət keçib. Qayıtdıqdan sonra kollecdə təhsilini davam etdirib və 2019-cu ildə “Maliyyə işi” üzrə orta ixtisas təhsilini başa çatdırıb.
2020-ci ilin iyulunda Tovuz döyüşlərindən sonra Elgün Muradov könüllü olaraq hərbi səfərbərliyə alınmaq üçün müraciət edib. 2020-ci ilin sentyabrında orduya çağırılıb. Cəbrayılın, Füzulinin, Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 21 oktyabr 2020-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. 30 oktyabr 2020-ci ildə Şabran rayonunun Daşlıyataq kəndində dəfn olunub. Vətən müharibəsində göstərdiyi şücaətlərə görə, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid Elgün Muradovun valideynləri Masazır qəsəbəsində yaşayırlar. Onun adını daşıyan xatirə bulağı ailə üzvlərinin və xeyirxah şəxslərin birgə təşəbbüsü ilə bu qəsəbədəki İsmət Qayıbov küçəsində, “Yeni Bakı” yaşayış kompleksinin yaxınlığında inşa edilib.
Bir vaxtlar məktəbə gedib-gəldiyi bu yerdə qəhrəman şəhidin adını əbədiləşdirən bulaq-abidənin yaradılması gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə müsbət təsir göstərəcək.
Bulağın açılış mərasimində Masazır Bələdiyyəsinin və yerli icra nümayəndəliyinin rəhbərləri, müharibə veteranları, qəsəbə ictimaiyyəti iştirak ediblər.
Məzunu olduğu 3 saylı məktəbin şəgirdləri tədbirdə maraqlı kompozisiya ilə çıxış ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin.