Qətnamə Minilliyin Bəyannaməsi əsasında hazırlanıb. Bəyannamədə deyilir ki, həmrəylik XXI əsrdə beynəlxalq münasibətlərin əsasını təşkil etməli olan fundamental və universal bəşəri dəyərlərdən biridir.
Həmrəylik qrup, yaxud etnosun birliyidir. O, maraqların vəhdətindən yaranır, eyni zamanda, özü maraqların birliyini formalaşdırır. Buraya qarşılıqlı anlaşma, normalar və vəzifə ümumiliyi daxildir. Həmrəylik cəmiyyətdə insanları vahid orqanizmdə birləşdirmək üsulu kimi də təsəvvür edilə bilər.
Məsələnin mühüm tərəflərindən biri həmrəyliyin fərqli cəmiyyətdə fərqli məzmun kəsb etməsindən ibarətdir. İbtidai cəmiyyətlərdə həmrəylik başlıca olaraq qohumluq əlaqələri üzərində qurulub. Müasir cəmiyyətlər üçün isə müxtəlif meyarlar mövcuddur. Burada cəmiyyətin tarixi təkamülü, milli mentalitetin özəllikləri, siyasi sistemin xüsusiyyətləri, ölkənin yerləşdiyi regionun geosiyasi fərqlilikləri, tarixi-coğrafi faktorlar və s. rol oynayır.
Sosioloq Emil Dürkheymə görə, sosial həmrəylik növü cəmiyyətin tipləri ilə tənzimlənir. Hər cəmiyyətə uyğun həmrəylik modeli ola bilər. Deməli, həmrəylik tarixi xarakterlidir - hər tarixi məqam üçün müvafiq birlik forması tapmaq lazımdır. Buna nail olmadıqda yaxşı birlik modeli belə cəmiyyəti çətin vəziyyətlərə sala bilər. Məsələn, Emil Dürkheymin fikrinə görə, orqanik həmrəylik müasir cəmiyyətlərdə olur və insanların qarşılıqlı asılılığından qaynaqlanır. Burada fərdlərin bir-birinə etimadı prinsipial rol oynayır.
Deməli, müasir cəmiyyətlərdə həmrəyliyi təmin etmək üçün xüsusi birləşdirici mexanizmlər olmalıdır. O, əsas olaraq uyğun ideoloji konseptlə bağlı olur. İdeologiya başqa faktorlarla yanaşı, etnosun dünyanın bütün guşələrində olan nümayəndələri arasında birlik yaratmağa imkan verir. Bu səbəbdən müasir cəmiyyətlər üçün düzgün ideoloji konsepsiyanın müəyyənləşdirilməsi həm müstəqil dövlətçilik, həm də vətəndaş cəmiyyəti formalaşdırmaq aspektlərində strateji əhəmiyyət kəsb edir.
Hazırladı: Mina RƏŞİD