02.08.2025, 12:59
AZ EN
04.04.2023, 09:00 313

4 aprel şəhid Ağa Ağayevin doğum günüdür

XƏBƏRLƏR
  • Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər.

44 günlük Vətən müharibəsində qanı-canı bahasına qəhrəmanlıq dastanı yazan belə oğullarımızdan biri də Ağa Əli oğlu Ağayevdir.

O, 2001-ci il aprelin 4-də Qusar rayonunun Yeni Həyat kəndində anadan olmuşdu. 2016-cı ildə doğma kəndində ümumi orta məktəbin 9-cu sinfini bitirən Ağa 2019-cu ilin aprelində hərbi xidmətə yollanıb. Hərbi xidmət zamanı ilk günlərdən nizam-intizamı ilə komandir və rəislərinin hörmətini qazanıb.

2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayan zaman xidmət etdiyi N saylı hərbi hissədəki döyüşçü yoldaşları ilə birlikdə ana yurdun müdafiəsinə qalxıb. Döyüşlərdə bacarığı və mətinliyi ilə seçilən Ağa Ağayev oktyabrın 22-də Tərtərin Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına vuruşaraq şəhid olub.

Şəhidin atası Əli Ağayevin dediyinə görə, oğlu hələ orta məktəbdə oxuduğu illərdə kənd təsərrüfatına maraq göstərirmiş: “Böyük həvəslə traktorumuzun sükanı arxasına keçər, kənd camaatının tarla işlərini görərdi. Ağa mənim dayağım idi. Qismət belə imiş. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Anası Fatmanisə Ağayeva isə bildirib ki, Ağa dörd bacının bir qardaşı idi. Hərbi xidmətdə olarkən mənimlə danışanda orduda qalacağını deyirdi: “Söyləyirdi ki, ana, qorxma, burda qalıb xidmət edəcəyəm. Bir müddət keçəndən sonra səni də yanıma gətirəcəyəm. Hələ də oğlumun yolunu gözləyirəm...”.

Bacısı Nargilə Ağayeva qardaşı ilə sonuncu dəfə oktyabrın 19-u əlaqə saxladıqlarını deyib: “Həmin gün bizə dedi ki, narahat olmayın, biz torpaqlarımızı düşməndən azad etməmiş geri qayıtmayacağıq. Onun mənimlə bağlı çox böyük arzuları var idi. Mən onu uşaqlıqdan hər şeydən qorudum. Hər kəsə qismət olmur şəhid bacısı olmaq. Şəhid olmaq onun arzusu idi, arzusuna qovuşdu. Ruhu şad olsun. Uğrunda can verdiyi şanlı üçrəngli bayrağı indi doğma Qarabağda, Şuşada dalğalanır", - deyə bacısı qürurunu ifadə edib.

Qəhrəmanımız Ağa Ağayev oktyabrın 24-də Yeni Həyat kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Silahlı Qüvvələrinin əshəri Ağa Ağayev ölümündən sonra "İgidliyə" görə, "Laçının azad olunmasına görə", "Suqovuşanın" azad olunmasına görə, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Allahdan şəhidimizə rəhmət diləyirik.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər