01.08.2025, 17:12
AZ EN
31.03.2023, 11:52 285

31 mart şəhid Milli Qəhrəman Murad Mirzəyevin doğum günüdür

XƏBƏRLƏR
  • Dünyanın ən ağır təlimli, ən çətin xüsusi təyinat üçün nəzərdə tutulan ''Ranger'' kursunu bitirən yeganə azərbaycanlı, aprel müharibəsində yüksək mərtəbəyə ucalan Azərbaycan Silahlı Qüvvələrin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid zabiti Murad Mirzəyevin doğum günüdür. Yaşasaydı, əfsanəvi komandirimizin 47 yaşı olacaqdı...

Qeyd edək ki, Murad Mirzəyev 31 mart soyqırım gününə təsadüf etdiyindən heç bir zaman ad gününü qeyd etməyib.

Polkovnik-leytenant Murad Mirzəyev 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. O, atasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib.

O, Azərbaycan ordusunun zabiti kimi ABŞ, Rumıniya və İordaniyada keçirilən hərbi təlimlərdə iştirak edib.

Murad Mirzəyev 2004-cü ildə ailə həyatı qurub. Şəhidimizin 2 övladı Vətənə əmanət qalıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəman adına layiq görülüb.

M.Mirzəyev 2016-cı il aprelin 11-də II Fəxri Xiyabanda böyük ehtiram və izdihamla dəfn olunub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər