31.07.2025, 18:06
AZ EN
05.12.2023, 09:38 384

Beyləqanın igid övladı

XƏBƏRLƏR
  • Cəlalın atası Birinci Qarabağ Müharibəsi veteranıdır. Şübhəsiz ki, belə bir ailədə o vətənpərvərlk ruhunda böyüyüb. Vətənə xidmətini isə general Polad Həşimovun komandanlıq etdiyi hərbi hissədə keçirib. Məlum Tovuz döyüşlərində P.Həşimovun şəhid olması Cəlalı da çox sarsıdıb. Elə bu təsirin altında da o, könüllü ordu sıralarna yazılıb.

Cəlalın 26 yaşı vardı, anası toy hazırlığı görəndə deyib ki, oğul toyu  sənin arzundu, amma torpaqlarımızı azad etmək bütün anaların arzusudu, ona görə də birinci bu məsələni həll etməliyik.

Bu gün anası qəhrəman şəhid övladı ilə qürur duyur, “fəxr edirəm ki, Vətənə belə layiqli övlad vermişəm”, deyir...

Cəlal müharibədə olanda qardaşının oğlu dünyaya gəlib. Uşağın adını əmi kimi onun verməsini istəyiblər. Əlbəttə ki, igid döyüşçü müharibədən ancaq “Ərtoğrul” kimi bir ad seçə bilərdi...  

İkinci Vətən Müharibəsinin qəhrəman şəhidi Cəlal Bədirxan oğlu Vəzirov 1993-cü il dekabrın 5-də Beyləqan rayonunun Qaralılar kəndində dünyaya göz açıb. Hələ kiçik yaşlarından vətənpərvərliyi ilə seçilən Cəlal həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Xidməti zamanı kəşfiyyatçı olan Cəlal, general Polad Həşimovun komandanlığı altında olan hərbi hissədə xidmət edib. O, hərbin sirlərinə peşəkarcasına yiyələnərək xidmətini də fərqlənmə ilə başa vurub. 2020-ci il iyul hadisələri zamanı general Polad Həşimovun şəhid olması Cəlalı sarsıtdığından o, könüllü olaraq səfərbərlik xidmətinə müraciət edərək qeydiyyatdan keçib.  Sentyabrın 21-də təlim toplanışı ilə ordu sıralarına qoşulub.

Sentyabrın 27-də Ermənistan hərbi birləşmələrinin təxribatına qarşı başlanan əks-hücumda ilk döyüşə atılanlar sırasında Cəlal da iştirak edirdi. O, Füzuli və Cəbrayıl  uğrunda gedən ağır döyüşlərdə mərdliklə vuruşdu, şücaətlər göstərdi. Cəbhənin yarılmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fəallığı ilə seçildi.

Oktyabrın 3-də Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı Cəlal qəhrəmancasına şəhadətə ucaldı.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən

Vəzirov Cəlal Bədirxan oğlu ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə medalları və üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordeni lilə təltif edilib.

Beyləqan rayonunda, doğma kəndində şəhidimizin adına bulaq kompleksi inşa olunub.  

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR