09.06.2025, 08:42
AZ EN
27.10.2023, 10:07 376

Şuşa alınanda Arzu çox xoşbəxt idi...

XƏBƏRLƏR
  • “Arzunu həmişə yuxuda görürəm. Bu günlərdə də yuxuda gördüm ki, şəhid Xudayar oxuyur, Arzu da oynayır. Həmişə çalışıram ki, ağlamayım. Çünki ağlayanda balam narahat olur. Arzu haqqında keçmiş zamanda danışmaq istəmirəm, o həmişə mənimlədi, onunla, şəkilləri ilə danışıram. Səhər “Sabahın xeyir!” deyirəm, axşam da sağollaşıb gedirəm. Onsuz da gecə səhərədək yata bilmirəm, Arzu bir an da olsun yadımdan çıxmır... Ona nəsə olacağına inanmırdı, heç mən də Arzuya bir şey olacağına inanmırdım”. Bu sözləri şəhid kapitan Arzu İsgəndərovun qəhrəman anası söyləyir.

Bu gün doğum günü olan qəhrəman şəhidimiz kapitan Arzu Seymur oğlu İsgəndərov 1988-ci il oktyabrın 27-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində anadan olub. 1994–2002-ci illərdə Zəyəm qəsəbə tam orta məktəbində, 2003–2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006–2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Arzu İsgəndərov 2010-cu ildə Təlim Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2010–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində taqım komandiri, 2011–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsində bölmə rəisi, 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində bölmə rəisi, 2015–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində bölmə rəisi, 2015–2018-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində bölmə rəisi vəzifələri üzrə xidmət edib. 2020-ci ilin avqust ayından isə Bakı korpusuna AİS rəisi vəzifəsinə təyinat alıb.

Arzu İsgəndərov 2016-cı ildə Aprel döyüşlərində iştirak edib.
Azərbaycan Ordusunun kapitanı olan Arzu İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. O, noyabrın 13-də Xocavənd rayonu istiqamətində minaya düşməsi nəticəsində şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla Şəmkir rayonunda torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Arzu İsgəndərov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi. Aylin və Arzum adlı iki qızı Vətənə yadigar qalıb.
Doğmaları deyirlər ki, Arzu müharibəni ona görə arzulayırdı ki, illərdi düşmən tapdağında qalan torpaqlarımız azad edilsin və hər bir azərbaycanlı alnıaçıq, üzüağ olsun. Çünki bu töhmətlə yaşamaq, onu gləcək nəsillərə saxlamaq olmaz. Bacısı danışır ki, Arzu elə bil, şəhid olacağını hiss etmişdi. Şuşa alınanda çox xoşbəxt idi, amma dostlarının şəhid olub, özünün sağ qalmasına da üzülürdü...   

Arzunun qardaşı hələ də onun yoxluğuna inanmır. Deyir ki, qardaşımın şəhid olduğu günü heç vaxt qeyd etmirəm. Çünki Şəhidlər ölməz, onların ancaq doğum tarixləri olur.

Doğrudan da, Şəhidlər ölməz, Vətən bölünməz!

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, kapitan!

Mina RƏŞİD

Oxşar xəbərlər