23.11.2024, 00:39
AZ EN
25.04.2022, 14:50 311

Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi tankçı Albert Aqarunovun mənalı ömür yolu hər bir gənc üçün nümunədir

XƏBƏRLƏR
  • Birinci və İkinci Qarabağ müharibələrində azərbaycanlılarla yanaşı, əsrlər boyu birgə dostluq və qardaşlıq şəraitində yaşayan digər xalqların da nümayəndələri qəhrəmanlıqla döyüşüblər. Həmin qəhrəmanlardan biri də yəhudi xalqının nümayəndəsi, adı dillərdə əzbər olan Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovdur. Birinci Qarabağ müharibəsində Şuşa uğrunda döyüşlərdə canından keçərək şəhidlik zirvəsinə ucalan Albert Aqarunovun xatirəsini Azərbaycan xalqı hər zaman əziz tutur, onun adını əbədiləşdirir.

Bu fikirlər aprelin 25-də Müdafiə Nazirliyinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Tankçı Veteranlar İctimai Birliyinin, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının birgə təşkilatçılığı ilə yəhudi əsilli tank komandiri, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü ilə əlaqədar Şəhidlər xiyabanında keçirilən anım mərasimində səsləndirilib.

Tədbirdə qəhrəmanın ailə üzvləri, cəbhə yoldaşları, veteran tankçılar, şəhid ailələri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tankçı Veteranlar İctimai Birliyinin sədri Hacı Əzimov, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Qəhrəman Albert Aqarunovun qardaşı Rantik Aqarunov, Müdafiə Nazirliyinin hərbi qulluqçuları və digərləri əvvəlcə Azərbaycanın Milli Qəhrəmanın məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar, ruhuna dualar oxuyublar.

Anım tədbirində torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani və digərləri çıxış edərək şəhidin hər bir gənc üçün örnək olan mənalı ömür və döyüş yolundan söhbət açıblar.

Məlumat verilib ki, Albert Aqarunov Qarabağda döyüşlər başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Albert Qarabağda döyüşlərin başladığı ilk vaxtlardan Şuşada tank komandiri təyin edilib. Vətənpərvərliyi, cəsurluğu ilə şöhrət qazanan yəhudi əsilli 23 yaşlı A.Aqarunovu döyüşçü dostları böyük hörmət və ehtiramla “Şuşanın əfsanəsi” adlandırıblar. Şuşa, Xankəndi, Daşaltı istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Düşmənin onlarla canlı qüvvəsini və çoxlu sayda hərbi texnikasını məhv edib. O, 1992-ci il mayın 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Tədbirdə 44 günlük Vətən müharibəsində böyük Zəfərin memarı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin yüksək sərkərdəlik bacarığından, uzaqgörən və müdrik siyasətindən, qətiyyətli mövqeyindən, rəşadətli Azərbaycan Ordusunun gücündən və xalq-dövlət-ordu birliyindən danışılıb. Diqqətə çatdırılıb ki, Albert Aqarunovun 30 il əvvəl həlak olduğu Şuşa artıq düşməndən azad edilib, bütün şəhidlərimizin qisası alınıb. Bu, Azərbaycan xalqının qələbəsidir. (AZƏRTAC)

Oxşar xəbərlər