22.12.2024, 16:56
AZ EN
18.02.2022, 12:30 188

“Ancaq irəli gedirdik”

XƏBƏRLƏR

44 günlük Vətən müharibəsində iştirak etmək məcburi köçkün gənclər üçün ikiqat məsuliyyətli idi. Axı onların əzizləri, doğmaları öz ata-baba torpağından zorla çıxarılmış, tarxi yurd yerləri erməni vəhşiliyinə məruz qalmışdı. Bu gənclər torpaq, yurd, vətən həsrəti ilə yaşayaraq, qisas günün gəlməsini gözləyirdilər... Onlardan bir neçəsi ilə həmsöhbət olduq.

Şirinov Zaur Ruslan oğlu 1980-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. 1990-cı illərdə məcburi köçkünlük həyatının ağır məşəqqətli günlərini yaşayıb. Daha sonra Ağdamda müvəqqəti məskunlaşıblar. Bir il sonra Beyləqan rayonuna köçüb­lər. 2008-ci ildən isə həmin rayonda məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayır. Ailəlidir, iki övladı var. Hərbi xidmətdə baş çavuş olan Zaur Şirinov bu peşəni sevdiyini, 9 il 7 ay xidmət etdiyini bildirdi.  O, dövlətin qazilərə mü­na­sibətinin yüksək olduğunu diqqətə çatdırdı: “Şəxsən öz adımdan deyirəm, dövlətin diqqət və qay­ğısını həmişə hiss etmişəm. Dövlət bizlərə çox yaxşı baxır”.

Zaur 2020-ci il sentyabrın 27-də səhər Füzuli rayonunun Əbdürrəhmanlı kəndi yaxınlığında ilk döyüşə girib. Sonralar Cəbrayıl, Qubadlı, Xocavənd uğrunda döyüşüb. Laçının Güləbird və Səfyan kəndlərində şiddətli döyüşlərin iştirakçısı olub. Noyabrın 1-də Səfyanda yaralanıb.

Mirzəliyev Ruslan Vahidcan oğlu 1988-ci ildə Xocavənd rayonunun Kuropatniko kəndində anadan olub. 2011-ci il ildə hərbidə xidmətə başlayıb. Vətən müharibəsində yaralanana qədər xidməti vəzifələrini uğurla yerinə yetirib. Kəşfiyyat bölüyündə xidmətdə olub. Hər zaman torpaqlarımızın işğaldan azad olunmasını səbrsizliklə gözləyib. Atası Vahidcan Mirzəliyev Xocavənd rayonunda 1992-ci ildə şəhid olub. Ruslan atasının qisasını döyüş meydanında qəhrəmancasına alıb.

O deyir: “Oktyabr ayının 13-ü idi. Atamın şəhid olduğu yerdə mən də ağır yaralandım. 4 ay danışa bilmədim, 6 ay qulaqlarım eşitmədi. Çox ciddi kontuziya aldım. Sağ qulağım və sağ gözüm ciddi zədələnib. Qorxunun nə olduğunu bilmirdik. Çünki beynimizdə ancaq irəli getmək vardı”.

Ruslan Mirzəliyev deyir ki, Vətən müharibəsində bir şeyi müşahidə etdim: əsgərdən tutmuş ən yüksək generala qədər heç kim arxaya qayıtmadı və qayıtmaq da istəmirdi. “Ancaq irəli gedirdik. Müharibədən 1,5 il keçib, bu müd­dət ərzində ancaq müalicə almışam. Çünki aldığım zədələrdən gecələr yatmağımda hələ də ciddi problemlər var. Sinir sistemim demək olar ki, pozulub,” – deyə keçmiş döyüşçü bildirir. 

Həsənov Şiraz Elburus oğlu 1983-cü il aprelin 26-da Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. 2001-ci ilin oktyabr ayından 2003-cü ilin aprel ayınadək müddətli həqiqi hərbi xidmət keçib. 5 ilə yaxın daxili işlər orqanlarında polis serjantı kimi xidmət edib. Daxili Qoşunlarda hərbi xidmətə 2008-ci ilin aprel ayından Bakıda yerləşən “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində başlayıb. 2012-ci ilin avqust ayında müqaviləsinin vaxtı bitən qazimiz bir il Ədliyyə Nazir­liyinin Penitensiar Xidmətində mü­ha­fizəçi vəzifəsində işləyib. Xüsu­si təyinatlıların sıralarında xidmət etmək onun uşaqlıq arzusu olduğuna görə yenidən, 2013-cü ilin noyabr ayında Daxili Qoşun­ların Bakıdakı “N” saylı hərbi hissənin xüsusi təyinatlı bölməsində yarımqrup komandiri vəzifəsində xidmətə qəbul olunub. 2016-cı ilin noyabr ayında isə Hacıqabul rayo­nunda yerləşən “N” saylı hərbi hissənin xüsusi təyinatlı bölməsində eyni vəzifəyə keçirilib.

Şiraz Həsənov qeyd edir ki, noyabrın 5-dən 8-nə qədər Şuşada həddindən artıq güclü döyüşlər getdi. Düşmən Xankəndi istiqamətindən Şuşaya keçmək istəyirdi, onların həmin vaxt nə qədər şəxsi heyəti varsa, hamısını məhv etdik, texnikalarını sıradan çıxardıq. Onu da bildirim ki, noyabr ayının 7-də Şuşada iki dəfə yaralandım. Amma bu bizi dayandırmırdı. Ancaq irəli gedirdik. 8 noyabr günü Şuşanın azad olunması cənab Prezidentə məruzə olundu”.

Gizir Şiraz Həsənov onu da qeyd edir ki, Laçın dəhlizinə girən ilk 4 xüsusi təyinatlıdan biri olub: “Orada yadımdadır, dəhlizin yaxınlığında erməni postu vardı, çatmağımıza 20 metr qalmış bizə əl bombası atdılar, amma qismətdən partdamadı, sağ qaldıq”. 

Cəsurluğu və qorxmazlığı ilə seçilən gizir Şiraz Həsənovun hərbi forması və əşyaları Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Tarixi Muzeyinə qoyulub. Gələcək nəsillərə, eləcə də muzeyi ziyarət edən vətəndaşlara qəhrəmanlarımız haqda məlumat veriləcək. Giriz Həsənov qeyd edir ki, Tarix muzeyində qeydiyyata Şuşaya daxil olan ilk Xüsusi Təyinatlılar kimi düşüb. “Bu cür diqqət və qayğı insanı qürurlandırır. Şuşa qalasının işğaldan azad olunmasında iştirak etməyin özü belə fəxr olunası hadisədir. Torpaqlarımızın işğaldan azad olunmasında iştirak etdiyimə görə qürur duyuram. Onu da qeyd edim ki, həmişə deyirdim, bir gün varıq, ya həmin gün şəhid olacayıq, ya da igid olacayıq. Hamımız bir gün öləcəyik, amma bilirsən ki, nə uğrunda ölürsən, bax onu yaşamaq bir başqa gözəldir. Biz də bilirdik ki, Vətənimiz üçün gedirik”.

Gizir Şiraz Həsənov “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Orxan Aslan

Oxşar xəbərlər