21.09.2024, 21:17
AZ EN
03.03.2023, 14:52 204

Arzusuna qovuşan şəhid qəhrəman

XƏBƏRLƏR
  • 2020-ci ilin sentyabr ayı... O gecədən sonra xalqımızın, türk dünyamızın yuxusu ərşə çəkildi. Demək olar ki, gecələri diri-gözlü açırdıq. Axı, Vətən torpağında qanlı-qadalı ölüm-dirim savaşı gedirdi. Bu dəfə igidlərimiz çox israrlıydılar: “Bu döyüşdə ya öləcəyik hamılıqla, ya da Qarabağ torpağı işğaldan azad olunacaq”,-demişdi qurban olduqlarım...

Gizir şəhidimiz Telman Rafiq oğlu Həsənli də belə gənclərdən idi.

O, 1998-ci il martın 3-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olmuşdu. 2018-ci ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi ordu sıralarında qalmağa qərar vermişdi. Hərbin sirlərini dərindən mənimsəyən igidimizin ürəyinə dammışdı ki, bu il qələbəyə nail olunacaq, torpaqlarımızın işğaldan azad edilməsində onun da əməyi olacaq. Elə ona görə də valideynləri nə qədər təkid etsələr də, onu hərbdən uzaqlaşdıra bilməmişdilər.

Nəhayət,Telmanın ürəyinə damdığı gün yetişdi. 2020-ci ilin 27 sentyabrında başlayan müharibədə iştirak etdiyi üçün gündə min  dəfə şükür edir, öz-özünə düşünürdü: “Axı, Vətənin işğalı çox uzanmışdı, bizim kimi oğullar Vətənin məhz bu günü üçün yetişiblər”.

Sentyabrın 27-dən oktyabrın 18-nə kimi döyüş bölgələrində qəhrəmancasına döyüşən tank komandiri Telman Həsənli düşmən cəbhəsinin Füzulidən yarılmasında xüsusi igidlik göstərməklə həm də  düşmən tankını qənimət götürmüşdü. Hadrut istiqamətində ağır qəlpə yaraları alsa da, qısa müddətli müalicələdən sonra yenidən döyüşə qatılmışdı. Cəbrayılın və Xudafərinin alınması uğrunda döyüşlərdə rəşadət göstərmişdi. Döyüş yoldaşlarının dediyinə görə,  azad etdikləri bölgələrimizi arxada qoyduqca fərəhindən yeri-göyə sığmırmış. Lakin zalım düşmən onu döyüşün son nəqtəsinə qədər irəliləməsinə aman vermədi. O, oktyabrın 18-də Qubadlı istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Nəşi bayrağımıza bürünərək doğulduğu Bağbanlar kəndində böyük ehtiram və izdihamla torpağa verildi.

Qəhrəman döyüşçümüz ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər