Zəngilan Beynəlxalq Hava Limanında uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatı və ya qısaca ICAO – nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib.
Bunu Zəngilan Beynəlxalq Hava Limanının direktoru Vüqar Həsənov bu gün Zəngilanda açıqlamasında deyib
V.Həsənov bildirib ki, Zəngilan rayonunun sakini kimi bu gün burada olduğu üçün çox qürurludur. Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr təşkil edir, geniş gövdəli təyyarələri qəbul etməyə imkan verir.
"Perronun sahəsi 60 min kvadrat metrədir. Zəngilan hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.
Beynəlxalq aeroportunun terminal binasının sahəsi 5000 kvadrat metrədir və müasir dünya tələblərinə cavab verir. Terminal saatda 200 sərnişinə xidmət göstərmək xüsusiyyətinə malikdir. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur.
Tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilmişdir", - deyə o əlavə edib.
Onun sözlərinə görə, uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliya və Almaniya aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib.
"Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilmişdir. Bütün sistemlər ICAO və Eurocontrol-un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib.
Zəngilan hava limanı ərazisində yardımçı binalar, transformator binası, qazanxana və su çənləri inşa edilib.
35 kV-lıq iki dövrəli, uzunluğu təxminən 10 km olan elektrik kabeli çəkilib. 230 m dərinlikdə artezan quyusu qazılaraq su çıxarılıb", - deyə o əlavə edib.
Trend