08.09.2025, 16:47
AZ EN
08.09.2025, 10:00 206

Bu gün qəhrəman şəhidimiz Ceyhun Nəhmətovun doğum günüdür

XƏBƏRLƏR
  • Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri də Nəhmətov Ceyhun Ehtiqad oğludur.

Ceyhun Nəhmətov 1994-cu il, sentyabrın 8-də Bakı şəhərində anadan olub. 2001-2012-ci illərdə Mərdəkan qəsəbəsindəki Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbdə təhsil alıb.

2012-ci ildə daxil olduğu Dövlət Sərhəd Xidmətinin Akademiyasını 2016-cı ildə mexanika mühəndisliyi ixtisası üzrə bitirib. 2016-2018-ci illərdə Çevik Hərkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında taqım komandiri, 2018-2019-cu illərdə Sərhəd Qoşunlarının Qazax əlahiddə sərhəd diviziyasında sərhəd zastavası rəisinin müavini vəzifəsində xidmət edib.

2019-cu il mayın 8-də xidmət yeri Zaqatala sərhəd dəstəsinin təminat bölüyünə dəyişdirilib. Xidmət etdiyi bütün vəzifələrdə yüksək intizamı, qayğıkeşliyi və əməksevərliyi ilə fərqlənib, hər zaman nümunə olub.

44 günlük Vətən Müharibəsi Ceyhunun qəhrəmanlıq, qorxmazlıq və vətənpərvərlik kimi keyfiyyətlərini də üzə çıxardı. Kəlbəcər, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Baş leytenant düşmən üzərində Böyük Zəfərə 2 gün qalmış, 2020-ci il, noyabrın 7-də Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən 812.0 yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. 2020-ci il noyabrın 9-da Bakı şəhərində 2-ci Şəhidlər Xiyabanında böyük ehtiram və izdihamla torpağa tapşırılıb.

Qəhrəmanımız subay idi.

Baş leytenant Ceyhun Nəhmətov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib.

Məzarı nurla dolsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər