Doğma yurdlarından didərgin düşüb Samux rayonuna pənah gətirən ailələrdən biri də Adıgözəl kişidir. O, xoş havası, bol suyu, dişgöynədən buz bulaqları, yaşıl meşələri ilə məşhur olan Kəlbəcər rayonundandır. Erməni quldurları rayonu işğal etdiyi üçün Samuxda məskunlaşdı. Elə igid qazimiz Samir Adıgözəl oğlu Xəlilov da 20 fevral 2000-ci ildə Samux rayonunun Sərkar kəndində dünyaya gəlmişdir. O, Sərkar kənd tam orta məktəbində oxumuş, orta təhsillidir. Məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, Daxili Qoşunlarda xidmət etmişdir. Hərbi xidmətdən tərxis olunan Samir doğma yurd yerlərinə qayıtmaq, orada yaşamaq istəyirdi. Onun bu ülvi arzusu çin oldu. 27 sentyabr 2020-ci ildə Şanlı Ordumuz əks- həmlə əməliyyatına başladı. Cəmi 44 gündə erməni mifi iflasa uğradı və quldur ordusu darmadağın edildi. Bu müqəddəs savaşa S.Xəlilov könüllü olaraq qatıldı. Şuşa istiqamətində gedən döyüşlərdə o, qəhrəmanlıqla vuruşurdu. Burada Samir yaralanıb, III dərəcəli əlildir. Ailəlidir, 1 övladı var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Samir Xəlilov "Şuşanın azad olunmasına görə" , "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilmişdir.
İsa MUSAYEV