Bu sözləri bu gün Şuşa şəhərinə köçən keçmiş məcburi köçkün Mətanət İbrahimova deyib.
O qeyd edib ki, Böyük Qayıdışın gerçəkləşməsində, sürətlənməsində hər bir vətəndaşın rolu, eyni zamanda, borcu var və gərək hər bir kəs bu vətən borcunu yerinə yetirsin.
"Bir müəllim kimi, bir vətəndaş, bir şəhid bacısı kimi mən özümə borc bilirəm günü bu gündən gedim evimə və şəhərin daha da dirçəlməsi üçün, prezidentimizin siyasətinin davam etdirilməsi üçün əlimdən gələni edim. Çünki, belə bir tarixi hadisə, belə bir hadisəni gerçəkləşdirən Sərkərdə tarixdə çox az-az olur. Gərək biz də bu fürsətdən istifadə edək", - deyə, M.İbrahimova əlavə edib.
Sakin, həmçinin şəhidlərimizə rəhmət, ailələrinə səbr, qazilərimizə cansağlığı diləyib.
Xatırladaq ki, bu gün Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə 48 ailə - 164 nəfər doğma yurduna köçürülüb. (AZƏRTAC)