Bu gün Vətən müharibəsi qəhrəmanlarından olan şəhid Feyruz İslam oğlu Tarverdiyevin doğum günüdür. O, 1996-cı il iyulun 22-də Kürdəmir rayonunun Sığırlı kəndində anadan olub. Kənddə orta təhsilini başa vurduqdan sonra, 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Feyruz 2017-ci ilin yanvarında hərbi xidmətini başa vurub.
Azərbaycan Ordusunun əsgəri olan Feyruz Tarverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qoşulub.
Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Feyruz Tarverdiyev noyabrın 6-da Xocavənd döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Nəşi bir müddət neytral zonada qaldığından noyabrın 30-da doğma Sığırlı kəndinə gətirilərək kənd qəbiristanlığında böyük izdihamla dəfn olunub.
Feyruz Tarverdiyev ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Şəhidimizin anası Tarverdiyeva Məhbubə xanım deyir ki, Feyruz 3 oğlumun kiçiyi, sonbeşiyim idi. Feyruz 2015-ci ilin oktyabrında Tərtərə hərbi xidmətə yola düşdü. O, 2016-cı ilin aprel döyüşlərində də iştirak edib, zədə alıb. Hərbi xidmətdən gələndən sonra işləyirdi. Hər üç oğlum, məni əziyyət çəkməyə qoymurdular. Sentyabrda rayon hərbi komissarlığından Feyruza çağırış gəldi. İlk əvvəl Ağcabədiyə təlimə apardılar, sonra isə müharibəyə yollandı. Həftədə bir dəfə danışırdı ki, ana, narahat olma yaxşıyam. Sonuncu dəfə oktyabrın 26-da danışdıq. 10 gün keçdi Feyruzdan nə zəng gəldi, nə xəbər. Komandirinə də zəng çatmırdı. Sən demə Xocavənddə döyüşdə bölüyün komandiri də, əsgərləri də şəhid olubmuşlar. Nəşi noyabrın sonunda tapıldı, dəfn etdik. Balam Vətən üçün, torpaq üçün, bizim üçün Şəhid oldu. Feyruz qorxmaz, qabiliyyətli, cəsarətli, qayğıkeş, mehriban övlad idi. Oğlan olmasına baxmayaraq, mənə hər işdə əl tutmağa çalışırdı. Hələ orta məktəbdə oxuyanda deyirdi ki, "ana, bir az böyüyüm səni işləməyə qoymayacağam, təzə ev tikdirəcəyəm, səni xan qızı kimi yaşadacağam". Ataları dünyasını dəyişəndə Feyruzun 12 yaşı var idi. Üç qardaş zəhmətə alışaraq böyüyüblər. Onların üçü də bir-birinə çox bağlı idi. Feyruzun yoxluğunu qardaşları da qəbul edə bilmirlər. Hərbi xidmət dövründə də bacarıqlı və nizam-intizamlı hərbi qulluqçu olduğundan müsbət xidməti xasiyyətnamə və tərifnamə ilə təltif olunmuşdu. Feyruz hər zaman torpaqlarımızın düşmən tapdağından xilas edilməsi uğrunda hərbi əməliyyatlarda iştirak etmək arzusunda olub. Hər zaman mənə deyirdi ki, əmr gəlsin, mən də öndə gedənlərdən biri olacağam. Onlar Azərbaycan əsgərinin gücünə bir neçə dəfə şahid olublar. Amma əsas döyüş olanda onlara elə bir dərs keçəcəyik ki, ömrü boyu unutmayacaqlar. Mən bilirdim ki, döyüşlər olsa, Feyruz ön cəbhəyə birinci gedənlər sırasında olacaq. Belə də oldu. Müharibə başlayanda heç tərəddüd etmədən ön cəbhəyə yollandı. Vətən müharibəsində də snayper kimi iştirak edirdi. Danışırdıq imkan olduqca, deyirdi ki, "Xocavənddəyəm. Hər şey yaxşıdır, narahat olmayın. Torpaqlarımızı təmizləyə-təmizləyə irəliləyirik". Son danışıqların birində Şuşaya doğru irəlilədiklərini bildim, mənə dedi "şəhid olsam, başını dik tut". Çox pis oldum, dedim ki, mən səni qalib əsgər kimi sağ-salamat gözləyirəm. Son dəfə oktyabrın 26-da Feyruzun səsini eşitdim. Onda da "Ana, mən yaxşıyam. Lap az qalıb, tezliklə Qələbə bizim olacaq" dedi. Ondan sonra əlaqə kəsildi. Narahat olurdum. Qardaşları məni sakitləşdirirdilər ki, yəqin telefonun şəbəkəsi tutmur. Noyabrın 8-də Şuşanın alınmasını hər kəs bayram edirdi. Sevinirdim ki, daha müharibə bitir, Feyruz sağ-salamat gələcək. Həmin gün Feyruzun zəngini gözlədim. Nə həmin gün, nə də Qələbə elan olunandan sonra Feyruzdan səs-soraq gəlmədi. Narahatlığım daha da artdı. Bir ümidlə oğlumu axtarmağa başladım. Feyruzu itkin kimi qeydə almışdılar. Yenə də ağlıma pis nəsə gətirməməyə çalışırdım. Lakin noyabrın 30-da Feyruzun nəşi gətirildi. Onda dərk etdim ki, oğlum həyatda yoxdur. Feyruz noyabrın 6-da Xocavənddə yaxınlığına minaatan mərmisinin düşməsi nəticəsində qəlpə yarası alaraq şəhid olubmuş. Feyruzun yoxluğuna dözmək çox çətindir. Lakin onunla fəxr edirəm, vəsiyyətinə uyğun olaraq başımı dik tuturam. Düşmən də görsün ki, Azərbaycan qadını igid balasını cavan yaşda Vətən uğrunda qurban versə də, mətanətini itirmir...
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD