Hər il təkcə fevralın 26-da deyil, bu ayın bütün günlərində dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımız böyük həyəcan və üzüntü ilə həmin faciəni xatırlayırlar.
Üstündən on illər ötsə də, Xocalı faciəsinin şahidləri hələ də, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərin təsirindən çıxa bilmirlər. Belə insanlardan biri də, Xocalı faciəsi zamanı Qarabağa ezam olunmuş "Səhər" qəzetinin müxbiri Şamil Sabiroğludur. O, illərdi ki, şahidi olduğu dəhşətli hadisələrdən danışır: "Biz fevral ayının 21-dən Ağdamda idik. O zaman hamı gözləyirdi ki, Ağdamdan Xocalıya yol açılacaq. Ancaq yol açılmadı və faciə baş verdi. Çox ağır vəziyyət idi. Şelli-Qaraqaya istiqamətindən daha çox meyit, yaralı gətirilirdi. Ağdam camaatına minnətdarlığımı bildirirəm ki, o zaman hamı bacardığı qədər köməklik göstərdi. Meyitlər Ağdam məscidinə gətirilərək yuyulur, kəfənlənir və dəfn edilirdi. Ayın 26-sı axşama qədər meyitləri çıxardıq. Axşam saat 6-da yadıma düşdü ki, Bakıya məlumat verməmişəm. "Səhər" qəzetinin redaksiyasına zəng edib Xocalıda faciə baş verməsi barədə məlumatı çatdırdım. Qəzetin həmin nömrəsində Xocalı faciəsi ilə bağlı məlumat verildi".
Şamil Sabiroğlu Xocalı soyqırımı zamanı erməni vəhşiliklərini əks etdirən 43 foto çəkdiyini deyib: "Çəkdiyim fotoların 22-si daha dəhşətlidir. O qədər dəhşətli hadisələrin, misilsiz vəhşiliklərin şahidi olmuşam ki, hələ də özümə gələ bilmirəm".
Xocalıda xeyli mesxeti türkü də, şəhid olub
Xocalı faciəsinin şahidi, 3-cü qrup müharibə əlili Ayna Allahyar qızı Novruzova: “Xocalı soyqrımı bütün türk dünyasının soyqrımıdı. Mən Xocalıda sadə bir məktəbdə oxuyurdum. Bir gün məktəbimiz içi dolu şagirdlə bombardman edildi. Mənim uşaqlığım, gəncliyim olmayıb. Gördüyünüz stenddə şəkli olan kişi 82 yaşlı babamdı. Bu qədər vaxt keçib, amma biz hələ də, dünyanı bu soyqrıma inandıra bilməmişik. İndi güclü informasiya müharibəsinə ehtiyacımız var. Xocalıda qətlə yetirilənlərin sayı da təhrif olunmuş qaydada verilib. Axı Xocalıda xeyli mesxeti türkü də, şəhid olub.
İllərdi o qanlı paltarları saxlamışdım, sonra dözə blmədim...
Xocalı sakini Sevinc Vəliyeva deyir ki, onda mənim 14 yaşım vardı. Bir dəfə televiziyada sual verdilər ki, nə vaxt böyümüsən. “Mən 14 yaşında böyümüşəm”, - dedim. O gecə sürünə-sürünə düşməndən qaçırdıq. Görünür sağ qalmaq mənim alnıma yazılıbmış... Yaralıların, şəhid olanların qanına bələnmişdim. Anam üz-gözümü silirdi ki, gedə bilim... İllərlə o süründüyüm paltarları saxlamışdım. Sonra dözə bilməyib yandırdım... İllərdi ki, biz Xocalıdan, o dəhşətlərdən danışırıq... Mən bir xarici ölkədə olanda özümlə bayrağımızı gəzdirirəm. Qoy düşmən görsün ki, mən Azərbaycandanam.
Hazırladı: Mina RƏŞİD