25.04.2025, 02:55
AZ EN
24.02.2023, 17:05 295

Xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Xocalı faciəsinin 31-ci ildönümü ərəfəsində xalqımızın unudulmaz qəhrəman oğlu, bir vaxt düşmənlərimizə gözdağı olan  Abbasqulu bəy Şadlinskini xatırlamaq bir başqa ovqat yaradır.  

Bu gün Abbasqulu bəyin doğum günüdür. Bu xalq qəhrəmanı 1886-cı ildə Qərbi Azərbaycanda - Vedibasar mahalının Vedi kəndində anadan olub. Haqqın, ədalətin tərəfdarı olan Abbasqulu bəy gənc yaşlarından ermənilərin haqsızlığının, yalançılığının, vəhşiliyinin, nankorluğunun şahidi olub və ömrünün sonuna qədər onlara qarşı mübarizə aparıb.

Rusiya imperiyasının çökməsi nəticəsində müstəqil Azərbaycan və Gürcüstan cümhuriyyətləri yaradıldıqda erməni daşnakları da dövlət qurmaq fikrinə düşdülər. Buna isə qonşu dövlətlərin ərazisi hesabına nail olmaq istəyirdilər. Onlar Göyçə, Zəngəzur, Dərələyəz, Loru-Pəmbək və digər qədim türk torpaqlarında qətllər törətməyə, yerli türk-müsəlman əhalisini məhv etməyə və öz torpaqlarından qovub çıxartmağa başladılar. Xalqın mərd oğulları erməni hücumlarının, nizami daşnak ordusunun həmlələrinin qarşısını almaq üçün özünümüdafiə dəstələri düzəldərək, mübarizə aparırdılar. Belə özünümüdafiə dəstələrindən birinə - Vedibasar özünümüdafiə dəstəsinə Abbasqulu bəy başçılıq edirdi. Vedibasar, Dərələyəz, İrəvan mahallarında öz igidliyi ilə seçilən Abbasqulu bəy daşnak hücumlarının qarşısını məharətlə almış, onları dəfələrlə ağır itkiyə məruz qoymuşdu. Silah gücü ilə Abbasqulu bəyə bata bilməyən daşnaklar onu ələ almaq, şirnikləndirmək metodlarına da əl atmışdılar. Öz vətəninə, millətinə sadiq olan Abbasqulu bəy onların bütün iyrənc təkliflərini rədd etmişdir.

Tarixçi Aqil Kəngərli deyir ki, babam Abbasqulu bəy Şadlinski ilə bağlı xatirələrini danışarkən, onun bolşeviklərin tərəfinə keçməsini belə əsaslandırırdı. O, bu addımı daşnaklara qarşı mübarizə aparıb, onları torpaqlardan təmizləmək üçün atmışdı. Çünki babamın atası Qırmızı taborda onunla birgə savaşmışdı.

 “Mənim ata yurdumun - Dərələyəzin Sallı kəndinin əhalisini tamamilə qırılmaqdan qoruyan, ərzaqla təmin edən, sonra isə cənubi Azərbaycanın Maku şəhərinə keçirən məhz Abbasqulu bəy və onun dəstəsi olub. Nənəm hələ 70-ci illərin axırlarında mənə bu insanın igidliyindən söhbət açmışdı və gördüklərini danışmışdı. Ana tərəfdən Abbasqulu bəylə eyni ərazidən -Vedibasardan olduğumdan yaşlı qohum-əqrəbamdan onun haqqında çox şey eşitmişəm. Babam Vedibasar igidlərindən, ilk növbədə isə Abbasqulu bəydən ağızdolusu danışıb. Abbasqulu bəyin dəstəsində Kərbalayı İsmayıl, Qəmlo, Keçəl Teymur, Səttar oğlu Musa, Məhərrəm kimi igidlər döyüşüb. Bir müddət Cənubi Azərbaycanda qalan Abbasqulu bəy yenicə Sovet hakimiyyəti qurulmuş Naxçıvana çağırılır. Naxçıvana gələn Abbasqulu bəy 400 nəfərdən ibarət "Qırmızı tabor" yaradır və Zəngəzurun, Dərləyəzin daşnaklardan təmizləməsində mühüm rol oynayır. Ermənistan sovetləşdirildikdən sonra isə o, dinc əməklə məşğul olur.

Bolşevik cildinə girən daşnaklar 1918-20-ci illəri unutmamışdılar və Abbasqulu bəydən qisas almağa çalışırdılar. Kolxoz quruculuğu ilə razılaşmayan, sovet hökümətinə tabe olmayan və Abbasqulu bəyin keçmiş silahdaşı və dostu olan el ağsaqqalı Kərbəlayı İsmayılı dilə tutmaq, yola gətirmək üçün məhz onu göndərdilər. Abbasqulu bəyin həyatının bu hissəsi mərhum yazıçımız Fərman Kərimzadənin "Qarlı aşırım" əsərində əks olunub. Burada əsas məqsəd Abbasqulu bəyi aradan götürmək, həmçinin keçmiş dostları, onların tərəfdarlarını, qohum-əqrəbalarını üz-üzə qoymaq idi. Bu, əsl erməni xislətidir. Əslində Abbasqulu bəyin ölümündə nə Qəmlonun (onun əsl adı Qəmbəralı olub), nə Kərbəlayı İsmayılın günahı var. Bu, Ermənistanın o vaxtkı xüsusi xidmət orqanlarının əli ilə törədilib. Bu haqda bizim tədqiqatçılarımız kifayət qədər yazıblar.

Ermənistanda və Zəngəzurda erməni fitnəkarlıqlarına son qoyulduqdan sonra, Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalmış və buranın sərhədlərinin qorunmasına rəhbərlik etmişdi.

Bundan sonra Vediyə qayıdan Şadlinski 1922-1928-ci illərdə Ermənistanda bir sıra məsul təsərrüfat vəzifələrində çalışmış, sonra isə burada yaradılan Dəvəli sement zavodu tikintisinin rəhbəri təyin olunmuşdur.

Abbasqulu bəy Şadlinskinin İsgəndər, Mafərə, İsfəndiyar, Məmməd və Tacirə adlı övladları olub.

Abbasqulu bəy bir xalq qəhrəmanı kimi "Qızıl Ulduz" medalı və "Qırmız bayraq" ordeni ilə təltif edilib.

O, 1930-cu ilin fevral ayında düşmənləri tərəfindən qətlə yetirilib.

Abbasqulu bəy Şadlinskinin işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq!

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər