22.11.2024, 11:57
AZ EN
24.02.2023, 09:02 122

Biz Xocalıya qayıdacağıq

XƏBƏRLƏR

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb, nəticədə tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından çıxarılması sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulub, bununla da Ermənistan monoetnik dövlətə çevrilib. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Bunun ən ağır nəticələrindən biri ermənilərin 31 il əvvəl törətdikləri Xocalı soyqırımı olub. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi ilə bağlı bu günə qədər heç bir məlumat əldə edilməyib. Bütün bunlar erməni quldurları  tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib.

Xocalı soyqırımı dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımlarla eynilik təşkil edir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Azərbaycan dövləti tərəfindən Xocalı faciəsinin ölkədə və xaricdə təbliğ olunması istiqamətində planlı istiqamətdə tədbirlər görülür. 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-sı tarixinin Xocalı soyqırımı günü kimi qəbul olunur. Ümummilli Liderimizin 1997-ci il 25 fevral tarixli sərəncamı ilə isə hər il fevral ayının 26-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin sükutla yad edilir.

Bu gün artıq dünya Xocalıdan, ermənilərin bu vəhşiliyindən danışır. Bu da Azərbaycan dövlətinin informasiya müharibəsində apardığı təbliğatın nəticəsidir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin gərgin siyasi-diplomatik fəaliyyətində Qarabağ həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya birliyinə yayılması məsələsi prioritetdir: “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalıdır. Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır. Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər".

Bu qanlı tarixə qədər insanlar hər gün erməni vəhşiliyinin şahidi olurdu. Bu qanlı faciənin şahidləridən biri də Xocalı sakini Ceyran Əzizovadır. 1992-ci ildə onun 27 yaşı olub. Bu gün 53 yaşı  olsa da, yaddaşından o  dəhşətli faciənin izi silinməyib. Hər bir xocalılı kimi bu gün də o ağrı ilə yaşayır. Ceyran Əzizova o illərin acısını unutmağın qeyri-mümkünlüyünü söyləyir. Ermənilərin əsrin ən dəhşətli soyqırımını törətmədən əvvəl Xocalı və ətraf ərazilərdə yaşayan soydaşlarımıza ermənilərin verdiyi işgəncələri göz yaşı içində belə xatırlayır: 1992-ci ilin dekabr ayında ermənilər Şuşaya uçan vertalyotu vurdular, 42 nəfər həmin vertalyotda şəhid oldu. Yanvar ayını səksəkəli günlərlə başa vurduq. Amma Xocalını tərk etmək fikrimiz yox idi, bütün çətinliklərə dözürdük. Çıxan çıxmışdı, amma biz qalırdıq. Fevral ayının 11-ə qədər bu vəziyyətdə  yaşadıq. Fevral ayının 11-i ermənilər Quşçular-Malıbəylini işğal etdilər. Onu da deyim ki, bizim evdən baxanda Quşçular-Malıbəylini meşədən BMP-lərlə oranı necə vurduqları aydın görünürdü. Təbii ki, biz də həyacan keçirirdik. Görürdük ki, Azərbaycanın məntəqələrini Meşəliyi Daşbulağı talan edirlər. Fikirləşirdik ki, artıq növbə bizimdir. Həm də ondan əlavə, Milli Ordunun əsgərləri kəndin meşəsindən iki ermənini tərksilah eləmişdilər, onların da üstündə Xocalıya necə hücum olunmasıyla bağlı xəritə də tapılmışdı. Artıq ermənilərin bizə də hücum edəcəklərini dərk eləsək də gününü bilmirdik...

O, həyat yoldaşı da daxil olmaqla, faciə gecəsi 68 nəfər əzizini itirib. Onun sözlərinə görə, həyat yoldaşı  qadınları, uşaqları öldürməsinlər deyə təslim olub və ermənilərə əsir düşüb. Həyat yoldaşının əsirlikdə öldürülməsini ürək ağrısıyla danışan Ceyran xanım deyir ki, qolunun birinə sanki bir avtomatın darağını boşaltmışdılar, gömgöy  bütün bədəni isə əzik-əzik idi. İllərlə deyirdim ki, elə bil Vasifi əzmişdilər. Hardasa, 5 il olar, mən eşitdim ki, onu tankın altına qoyubmuşlar. Bunu mənə bibim qızı danışdı. O da girov görürülmüşdü və sonra  xilas oldu. O danışır ki, bizim gözümüzün önündə onu vurdular, ölməmiş qoydular tankın altına tank üstündən keçdi və əlavə edir ki,  dedilər ki, bir kamaz meyid gətiriblər, Ağdamın məscidinə boşaldılıb. Biz də getdik Ağdamın Tərnöyüt kəndinə, gördük ki, bir çadırlı maşın dayanıb, içində dörd azərbaycanlı meyidi var, baxdıq ki, biri yoldaşımdı, biri qaynım oğlu, biri baldızımın yoldaşı, biri də yoldaşımın xalasının yoldaşıdı. Bu mənzərəni seyr eləmək çox dəhştli idi, deyir faciə şahidi...

31 ildən artıqdır ki, hər bir xocalılı o dəhşətli gecədən əvvələ dönüb itirdikləri  doğmalarını yenidən sağ-salamat görməyin xəyalını qururlar. Lakin elə xəyallar var ki, onlar heç bir zaman gerçək olmur. Elə Xocalıda itirilən xəyallar, arzular, yarımçıq qalan ömürlər kimi...

Lakin faciəmiz nə qədər ağır olsa da xocalıların Xocalıya qayıdacaqlarına da ümidimizi itirməmişik. Bu inamı isə bizə Xocalı şəhidlərinin qanını yerdə qoymayan Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qalib gələn Azərbaycan Ordusu yaradıb. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallığı bizə yaşatdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Biz Xocalıya da qayıdacağıq, mütləq qayıdacağıq...

Tahirə AĞAMİRZƏ 

Oxşar xəbərlər

SON XƏBƏRLƏR