Bu gün Vətən Müharibəsi şəhidi, kapitan Cavid Hilal oğlu Mahmudovun doğum günüdür. O, 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 1995–2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində təhsil alıb. 2006–2010-cu illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib.
Cavid Mahmudov 2010–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən, 2012–2018-ci illərdə Tovuz, 2018–2020-ci illərdə Göygöl, 2020-ci ildən isə Abşeron rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edib.
Ordumuzun kapitanı Cavid Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda mərdliklə savaşıb.
Kapitan C.Mahmudov müharibədə bir çox hərbi əməliyyatlarda və həlledici döyüşlərdə iştirak edib. O, 5 postun alınması uğrunda gedən qanlı savaşlarda şəxsi şücaətlər göstərib. Elə buna görə də, alınan postlardan biri “Cavid postu” adlandırılıb. Növbəti postun alınmasında əlindən gələni etməyə çalışan, əsgərlərinin önündə sinəsini sipər edən kapitan oktyabrın 5-də ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidimiz doğulduğu Biləsuvar rayonunda böyük bir izdiham və ehtiramla torpağa tapşırılıb.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Cavid nişanlı idi. O, gənc, arzularla dolu ömrünü Vətənin azadlığına, bizə bağışladı...
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!
Mina RƏŞİD