23.11.2024, 01:09
AZ EN
31.01.2023, 08:53 217

Goranboyun ən gənc şəhidi

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsi qəhrəmanlarından biri 18 yaşında şəhid əsgər Yusif Oqtay oğlu Yusifovun doğum günüdür. O, 2002-ci il yanvarın 31-də Goranboy rayonunun Faxralı kəndində dünyaya gəlib. Ailədə iki övlad olublar. 2019-cu ildə Fəxralı kəndindəki T.Sadıqov adına Faxralı kənd tam orta məktəbini bitirib. 2020-ci il mayın 7-də həqiqi hərbi xidmətə yollanıb. O, Füzuli rayonunda Vətənə xidmət etməyə başlayıb.

Azərbaycan Ordusunun mərd əsgəri Yusif Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan torpaqların azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə qatılıb. Füzuli, Xocavənd və Zəngilan uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Onun son döyüşü Zəngilanda olub. Gənc əsgər Y.Yusifov oktyabrın 29-da Zəngilan uğrunda gedən qanlı döyüşlər zamanı düşmənin snayper gülləsindən şəhid olub.

Şəhidimiz doğma Goranboyda, Fəxralı kəndində böyük bir izdiham və ehtiramla torpağa tapşırılıb. O, Goranboy rayonundan şəhid olan ən gənc əsgərdir.

Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Yusifin hərbi xidməti və müharibə dövrü ölkəmiz pandemiya şəraitində idi. Ona görə də, valideynləri hərbi xidməti dövründə bircə dəfə də, oğulları ilə görüşə bilməyiblər. Onlar buna nə qədər can atsalar da, Yusif yaşının az olmasına baxmayaraq təmkinli olub, vəziyyəti anlayaraq doğmaları ilə görüşü gələcəyə saxlayıb. Yusif Vətənə sədaqətli olduğu kimi doğmalarına da vəfalı olub. O, verdiyi sözə əməl edib və vaxtı çatanda evlərinə geri dönüb. Amma ən uca məqamda - Şəhid kimi üçrəngli bayrağa bürünüb və doğmalarına qovuşub...

Yusifin ata-anası övlad açısı ilə nə qədər üzülsələr də gənc, vətəncanlı şəhid əsgər balaları ilə fəxr etdiklərini deyirlər. Atası Oktay Yusifov deyir: “Bu gün fəxr edirəm ki, mənim də oğlum torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olub. Torpağı geri almaq üçün şəhid vermək lazımdır. Öz torpağını qorumasan, onda gərək sən insan da olmayasan. Bu da onun qisməti idi. Yusif uşaqlıqdan Vətəni çox sevirdi.  Mən həmişə onunla fəxr edirdim”.

Valideynləri deyirlər ki, onlar sonuncu dəfə Yusiflə oktyabrın 23-də danışıblar. Deyib ki, ana, narahat olma, sağ-salamat qayıdacağam.
Yusif idmanla məşğul olur, hərbə böyük maraq göstərirdi. Müharibədən söhbət düşəndə həmişə deyərdi ki, mən də cəbhəyə gedəcəm və torpaqlarımızı azad edəcəm.

Dediyini elədi və arzusuna da çatdı. Elə 18 yaşında gənc bir əsgər kimi tarix də yazdı... Öz canı-qanı bahasına Zəfər tariximizə atdığı imza həm də onun gənc şair kimi şah əsəri oldu... İndi onun şəninə şeirlər, dastanlar yazılır və həmişə də yazılacaq!

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Yusif balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər