Bu gün xalqımızın dəyərli oğlu Əməkdar İncəsənət xadimi, 400-dən çox məqalə və oçerkin müəllifi tarixçi, musiqişünas alim Firudin Şuşinskinin anım günüdür. Firudin Məhəmməd oğlu Şuşinski 20 oktyabr 1925-ci ildə Qarabağın tacı olan Şuşa şəhərində anadan olub. Atası Məhəmməd kişi oğlunda musiqiyə böyük həvəs olduğunu hiss edərək onu Şuşa musiqi məktəbinə gətirir. Firudin üç il burada təhsil alır. O, eyni zamanda məktəbi də əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olur. Hələ universitetin II kurs tələbəsi olan Firudin bəy SSRİ Ali məktəb və elmi müəssisə işçiləri ittifaqının Azərbaycan Respublika komitəsi, Bakı şəhəri ali məktəb tələbələrinin II ümumşəhər elmi konfransında çıxış edir. Həmin konfransda Azərbaycan EA-nın akademikləri, professorları iştirak edirdilər.
Konfransda 78 məruzə oxunur. Həmin məruzələr içərisində yalnız gənc Firudinin "Vaqif bir dövlət xadimi kimi" mövzusu I mükafata layiq görülür. Bu məqalə sonralar müəllifin ilk mətbu əsərinə çevrilir.
Tələbəlik illərindən Firudin bəy öz fenomen yaddaşını ictimai elmləri dərindən öyrənməsinə sərf edib. O, hələ birinci kursdan tarix, fəlsəfə, ədəbiyyat fənlərinin dərindən öyrənir (xüsusilə klassik və aşıq ədəbiyyatını), muğamların yaranması, onun ifaçıları haqqında maraqlı məlumatlar əldə edir.
Nəinki torpağımızda mənəvi dəyərlərimizə də göz dikən ermənilərin davamlı cəhdlərini əngəlləmək, onların qarşısına sədd çəkmək, musiqimizi yad əllərə verməmək üçün 40 illik yaradıcılığını Azərbaycan musiqi mədəniyyəti tarixinin dərindən tədqiqinə və təbliğinə sərf etmiş Firudin Şuşinski ömrünün sonuna qədər bu işə sadiq qalıb. O, Azərbaycan musiqi tarixini araşdırıb tədqiq etməklə yeni bir era yaradır.
Təsadüfi deyil ki, Firudin bəy vaxtaşırı az tanınan ifaçıları verilişinə dəvət edər, onlara geniş yer verər və yaradıcılıqları haqqında fikirlərini söylərdi. Həmin ifaçılar bu verilişlərdən sonra xalq arasında daha da populyarlaşardılar. Azərbaycanın xalq artisti, mərhum kamança ustası Habil Əliyevi radio dalğalarına dəvət edən, onun haqqında ilk dəfə məqalə yazan məhz F.Şuşinski olub. F.Şuşinski gənc istedadların qayğısına qalar, onların inkişafında mühüm rol oynayırdı. Onun ən çox sevdiyi, gələcəyinə inandığı Azərbaycanın Xalq artisti, muğamlarımızı öz bənzərsiz ifası ilə dünyanın hər yerində tanıtdıran Alim Qasımov olub. Azərbaycan radiosunun musiqi verilişləri redaksiyasının təşəbbüsü ilə F.Şuşinskinin hazırladığı "Muğam konserti” rubrikası ilə verilən verilişləri yenilik idi.
Firudin bəyin şah əsəri olan “Şuşa” kitabı 1962-ci ildə nəşr edilib. Əsər öz dövrünün mühüm bir hadisəsinə çevrilib, oxucular, tarixçilər tərəfindən təqdir olunub, ona yüksək qiymət verilib, necə deyərlər, əl-əl gəzib. 1968-ci ildə kitab rus dilinə tərcümə ediləndən sonra bir nüsxəsi SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü və SSRİ Ali Sovetinin deputatı olan daşnak Anastas İvanoviç Mikoyanın da əlinə keçib. Əsəri oxuyandan sonra Mikoyan Moskvada vəzifədə oturan bir qrup erməni ilə birlikdə “Şuşa” əsərinə görə respublika rəhbərliyindən Şuşinskinin cəzalandırılmasını tələb edib. Bu barədə Fürudin bəy özü yazırdı: “Şuşa” kitabına görə başım nələr çəkmədi? O vaxt ermənilərin əlindən üç ay Şuşaya gedə bilmədim. Küçədə məni daşa basdılar. Dəfələrlə evimin küçə qapısını və pəncərələrini sındırdılar, telefon xəttini kəsirdilər. Bir neçə dəfə mənə sui-qəsd cəhdi etdilər... Məni aradan götürmək üçün başıma altı milyon pul qoymuşdular. Ermənistanın “Pioner” qəzetindən tutmuş, “Kommunist” qəzetinə qədər bütün mətbuat əleyhimə böhtanlar və söyüşlər yağdıraraq məni erməni xalqının ən mənfur düşməni kimi qələmə verirdi”.
Hətta Livan erməniləri də bu kitaba qarşı etiraza qalxıb, Beyrutda nəşr olunan “Hayastan” qəzetində Şuşinskini təhqir edən yazılar yazıblar. Bu fakt sübut edir ki, hələ sovet dövlətinin möhkəm vaxtlarında ermənilər türklərə qarşı təşkilatlanmış şəkildə gizli düşmənçilik aparıblar. Təəssüf ki, Şuşinskinin canı qədər sevdiyi doğma Azərbaycanda da ermənilərin səsinə səs verənlər tapılıb. Onlar Firudin bəyə “burjua millətçisi”, “xalqlar dostluğunun düşməni” damğası vurublar, yazıları uzun zaman çap olunmayıb.
Tədqiqatçı-alim bir-birinin ardınca "Seyid Şuşinski”, "Xan Şuşinski” əsərlərini yazıb bitirdikdən sonra Azərbaycan musiqi tarixində hadisəyə çevriləcək "Azərbaycan xalq musiqiçiləri” (redaktoru Teymur Əhmədov) adlı monumental kitabını nəşr etdirir.
Muğam ifaçılarının arayıb-araşdırılmasında yorulmadan çalışan, heç kəsdən maddi kömək gözləmədən ömrünü keçmiş SSRİ ölkələrinin arxivlərində, kitabxanalarında keçirən, hər bir yeni tapıntıya görə uşaq kimi sevinən görkəmli tədqiqatçı-alim, Əməkdar incəsənət xadimi Firudin Şuşinskinin musiqi mədəniyyətimizə verdiyi töhfə heç nə ilə müqayisəyə gəlməzdir. Biz onun zəhmətinin bəhrəsini radio dalğalarında, televiziya ekranlarında mütəmadi çıxışlarında, vaxtaşarı mətbuat səhifələrində dərc etdirdiyi məqalələrində, qalın-qalın kitablarında görür və bununla da klassik ifaçılarımız haqqında müəyyən biliyə sahib oluruq.
Unudulmaz alim Firudin Şuşinski 1997-ci il oktyabrın 25-də Bakıda vəfat edib. Bərdə şəhərində dəfn edilib.
Hazırladı: Mina RƏŞİD