Ağdaban sakini Nəsimi Səfərov bildirib ki, xarabalığa çevrilmiş evlərdən sonra qəbirlərin vəhşicəsinə dağıdılması da ermənilərin əsl iç üzlərini göstərir. “Kəndimizə qayıtmağın sevincini və dağıdılmış evlərimizin və qəbirlərimizin üzüntüsünü yaşayırıq. Çox ağır faciələrdən keçmişik. Erməni vandalları kəndimizə hücumu zamanı həyatımızı, keçmişimizi, gələcəyimizi, tariximizi yer üzündən silməyə çalışdılar. Təəssüf ki, buna qismən nail oldular. Evlərimiz qarət olundu, yandırıldı, insanlarımız vəhşicəsinə öldürüldü, odda yandırıldı. Faciədən sonra kəndi tərk etməyə məcbur olduq. Bizim üçün ən ağrılı olan kəndimizin ermənilərdən müdafiə edə bilməməyimiz oldu. Bu hiss bizim ölənədək ürəyimizdə qalacaq. Kəndimiz və ulu babalarımız bizi bağışlasın. Təəssüf ki, elimiz, obamızı erməni kimi bir düşmənə tərk edərək getmək məcburiyyətində qaldıq.”
Nəsimi Səfərov 44 günlük Vətən Müharibəsində və 23 saatlıq anti-terror tədbirlərindən sonra kəndlərinə qayıtmağın qürurunu yaşadıqlarını bildirdi.
“Artıq kəndimizə qayıtmışıq. Bu gün Vətən Müharibəsi və anti-terror tədbirlərindən sonra kəndimizin havasını udmaq xüsusi hisdir. Sevincliyik, amma ürəyimizdə çəkdiyimiz məşəqqətlərin və faciələrin çox ağır izləri var. Məcburi köçkün həyatı, şəhidlərimizin itkisi, Vətən həsrəti və bu həsrətlə dünyadan köçənlərin niskilini yaşayırıq. İndi hamımızın bir məqsədi var. Tezliklə kəndimizi bərpa edib, əvvəlki dövründən də yaxşı canlandırmaqdır. Ümid edirik ki, bundan sonra bütün şəhidlərimizin ruhları sevinəcək.” (APA)