21.11.2024, 21:59
AZ EN
08.04.2022, 10:15 478

Arzumuz abad olan yurd yerlərimizə qayıtmaqdır

XƏBƏRLƏR

Uzun illər erməni işğalında olan torpaqlarımızın Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gündə azad edilməsindən sonra doğma yurd yerlərinə qovuşmaq arzusu daha da artıb. İndi həmin yerlər minalardan təmizlənir, abad yollar çəkilir, dəmiryolu bərpa edilir, bir sözlə, geniş quruculuq və abadlıq işləri aparılır. Bütün bunlarla yanaşı gözləri yurd yerlərində qalan soydaşlarımızla dərdləşib-söhbətləşmək istədik. İlk əvvəl İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış şəhərcikdə olduq, bir neçə ziyalı ilə fikirlərimizi bölüşdük.

Füzuli şəhər sakini Camal Sadıqov bildirdi ki, məlum hadisələrlə bağlı 1993-cü ildə İmişli şəhərində məskunlaşdıq. Sonra burada şəhərcik salındı 2012-ci ilin dekabrında buraya köçdük. Bax, bu evi möhtərəm Prezidentimiz özü verib bizə. Onu da qeyd edim ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevlə bizim evdə görüşmüşük. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevi Füzuliyə səfəri zamanı - Su Elektrik Stansiyasının açılışında görmüşəm.

Şəhərciyimiz hər bir infrastrukturla təchiz olunub. Vaxtilə çox əziyyətlər çəkmişdik. O vaxtlar mən nümayəndə kimi əhalinin yerləşdirilməsi, ərzaqla təminatı məsələlərində köməklik edirdim. Şəhərcik salınandan sonra gün-güzəran xeyli yaxşılaşdı. Amma buna baxmayaraq öz od-ocağımıza qayıtmağı arzulamışıq. Şükürlər olsun Allaha ki, Ulu Öndərin vəsiyyəti gerçəkləşdi, onun siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz Zəfər çaldı. Digər azad olunmuş rayonlar kimi Füzuli rayonu da abadlaşdırılır. Burada tikilmiş Beynəlxalq Aeroportun açılışında qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi qəlbimizi qürur hissi ilə doldurdu. İki qardaş dövlətin başçılarının çıxışları hər bir azərbaycanlının sevincinə çevrildi. Mənim və soydaşlarımızın bircə arzusu var - abad olmuş yurd yerlərinə qayıtmaq. O gün isə lap yaxındadır.

Gülnar Qasımova Füzuli rayonunun Zərgar kəndində doğulub. O, bildirdi ki, 1993-cü ildə məcburi köçkün kimi Bakı şəhərinə gəldik, buradan isə Özbəkistan Respublikası Nəvai vilayətinin Zərəfşan şəhərinə köçdük. Mən orta məktəbi 12 saylı şəhər məktəbində bitirmişəm. Ali təhsil alıb, ailə həyatı qurandan sonra İmişlidəki köçkün şəhərciyinə gəlib burada məskunlaşdıq. 2016-cı ildən isə burada fəaliyyət göstərən tibb məntəqəsində baş həkim vəzifəsində çalışıram. Şəhərciyimizdə 550 ev var, lakin digər yerlərdən gələn xəstələrə də xidmət edirik. Dövlətimiz daim var olsun - hamıya diqqət və qayğı ilə yanaşır. Hər ay dərmanlar və tibbi ləvazimatlarla təmin edilirik. Lakin burada günümüz xoş keçsə də mən və soydaşlarımız uşaqlıq illərimizin şahidi olan doğma yurda qayıtmaq istəyirik. Bu istək artıq gerçəkləşir. Bunun üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyevə Allahdan uzun və sağlam ömür arzulayıram.

Könül Aslanova qeyd etdi ki, biz 1996-cı ildən İmişli rayonunda məskunlaşmışıq. Burada şəhərcik salınandan sonra yeni mənzillə təmin olunmuşuq. Demək olar ki, dövlətin bütün diqqət və qayğısı ilə əhatə olunmuşuq. Ancaq Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin dəmir yumruğu və silahlı qüvvələrimizin əzmkarlığı ilə qazanılan Zəfərdən sonra kəndimizə qayıtmaq arzumuz anbaan artır. Çünki artıq gözümüzün qarşısında abadlıq, tikinti işləri, yolların çəkilməsi, müxtəlif kommunikasiyaların qurulması qayıdış hissimizi daha da alovlandırır. Mən qələbə uğrunda şəhid olan oğullarımıza Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Bu Zəfərin müəllifi, möhtərəm Ali Baş Komandanımıza isə Tanrıdan uzun ömür, cansağlığı, bundan sonra da gördüyü işlərdə uğurlar arzulayıram.

İmişlidəki görüşdən sonra Şirvan şəhərində məskunlaşmış soydaşlarımızla da görüşdük. Məcburi köçkün qəsəbəsinin ağsaqqallarından olan birinci Qarabağ müharibəsi veteranı Cavanşir Mustafayev dedi ki, 1993-cü ildən Şirvan şəhərində məskunlaşmışdıq, şəraitimiz yaxşı deyildi. Lakin burada müasir tipli yeni qəsəbə salındı və biz buraya köçdük. İndi şəraitimiz çox yaxşıdır. Amma yaşımın bu çağında doğma torpağa qayıtmaq arzum daha da alovlanır. Düzdür, artıq Zəfər qazanılıb, ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Bütün bunları gördükcə sanki cavanlaşır, həyat eşqimiz artır. Bu sevinc hisslərini bizə yaşadan Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevdir. Mən də milyonlarla azərbaycanlı kimi Ona Uca Yaradandan uzun ömür, cansağlığı, Vətən və Xalq naminə uğurlar arzulayıram.

Qəsəbənin ağsaqqallarından olan Tofiq İbişovun da ürəyi dolu imiş. O, bildirdi ki, 1993-cü ildən məcburi köçkün kimi Hacıqabul rayonunda məskunlaşıblar. Burada qəsəbə istifadəyə veriləndə onlara da mənzil veriblər. Şəraitdən və gün-güzərandan razılıq edən Tofiq kişi onu da qeyd etdi ki, rayonda baytar həkimi işləyib, qayıdandan sonra da fermer təsərrüfatı yaratmağı planlaşdırıb. Deyir ki, kəndə qayıdandan sonra daha xoşbəxt olacağam. Doğulduğum yer, oxuduğum məktəb, işlədiyim Bayratlıq İdarəsi, tanıdığım xoş çöhrəli insanlar və s. mənə təzədən ömür verəcək.

Tofiq kişi Ulu Öndərimiz Heydər Əliyevdən danışaraq ona olan xüsusi ehtiramını ifadə etdi. Sonda isə möhtərəm Prezidentimiz İlham Əliyevə göstərdiyi diqqət və qayğıya, həmçinin torpaqlarımızın azadlığı uğrunda gördüyü uğurlu işlərə görə öz dərin təşəkkür və minnətdarlığını bildirdi.

…Bu görüşlərdəki xoş təbəssüm, sabaha daha böyük inam bizim də qəlbimizi sevindirdi.

İsa MUSAYEV

Bakı-İmişli-Şirvan-Bakı

Oxşar xəbərlər