O, 1992-ci il yanvarın 26-da Beyləqan rayonunda anadan olub. 1999-cu ildə Beyləqan rayonu N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilib və 2010-ci ildə həmin məktəbi bitirib. Elə həmin il - 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Tərtər rayonu istiqamətində müddətli həqiqi hərbi xidmətə başlayıb. Hərbi xidmətinu uğurla başa vuran Nurlan 2014-cü ildə könüllü olaraq Beyləqan rayonunda MAXE hərbi qulluqçu kimi yenidən Vətənə xidmətə başlayıb. O, 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə fəal iştirak edərək, fəxri-fərmanlara layiq görülüb.
Nurlan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə qatılıb. O, Füzuli və Cəbrayıl istiqamətlərində gedən qanlı savaşlarda mərdliklə döyüşərək cəbhənin yarılmasında fəal iştirak edib.
2020-ci il sentyabrın 30-da Füzuli uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıqla şəhid olub. Şəhidimiz böyük izdiham və ehtiramla doğma Beyləqan rayonunun Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Ordusunun çavuşu, Vətən Müharibəsi qəhrəmanı Nurlan Abdullayev şəhadətə ucalanda 28 yaşı vardı. O, ailəli idi, bir qızı Vətənə əmanət qalıb. Qızı atasının şəklini qucaqlayır. Sanki atası balasına pıçıldayır: “Mən ölməmişəm, Şəhid olmuşam, qızım!”
Şəhidlər ölməz, Vətən bölünməz!
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!
Mina RƏŞİD