09.06.2025, 16:23
AZ EN
18.01.2023, 12:03 553

20 Yanvar - Tariximizin şanlı və qanlı səhifəsi...

XƏBƏRLƏR

Xocavənd sakini Fəxriyyə Hüseynova Xocavənd RİH-nin feyzbuk sosial şəbəkəsində olan səhifəsində yazır ki, hər bir azərbaycanlı 20 Yanvar faciəsinin təfərrüatlarını bilməli və unutmamalıdır. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitənin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. faciədən sonra Sovet İmperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. SSRİ-nin süqutunun ilk qığılcımları baş verməkdə idi.

20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən verildi. Ulu öndərimiz  dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə məşğul oldu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.

Qanlı 20 Yanvar hadisələrinin 31-ci ildönümü ərəfəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən qəhrəman əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Sadalananlar xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canımızdan belə keçməyə hazır olduğumuzu bir daha sübut etdi. Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır. Azərbaycan xalqı 20 yanvar günü, istiqlaliyyət, torpağı, azadlığı, xalqı, onun gələcəyi naminə haqq səsini ucaldaraq şəhidlik zirvəsinə ucalan oğul və qızlarına söz vermişdi ki, uğrunda can qoyduqları bu Vətənin müstəqilliyini təmin edəcək, doğma ərazilərinə göz dikən mənfur düşmənə layiqli cavab verərək ərazi bütövlüyünü sonsuzadək qoruyacaq. Ulu öndər Heydər Əliyevin də dediyi kimi: “Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik”. Və müzəffər Azərbaycan ordusunun 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Zəfər yürüşü düz 32 il əvvəl verdiyimiz sözün yerinə yetdiyi, şəhidlərimizin ruhunun şad olduğu müqəddəs anlarla tarixə həkk olundu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Qarabağın tacı Şuşanın işğalçılardan azad edilməsi xəbərini də məhz Şəhidlər xiyabanından Azərbaycan xalqına müjdələməsi təsadüfi deyildi:

“2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! “Bəli, Azərbaycan xalqı zülmə qarşı barışmaz olduğunu 20 Yanvar gecəsində sübut etdiyi kimi, illər sonra Vətən müharibəsində düşmənə “dəmir yumruğu ilə layiqli cavab verərək bir daha bütün dünyaya bəyan etdi. 44 günlük müharibədəki tarixi Qələbə ilə xalqımız Vətəni canından, qanından artıq sevdiyini bir daha dosta da, düşmənə də nümayiş etdirdi.

Bir Qarabağlı olaraq bu gün öz doğma torpaqlarımızın düşməndən azad olunması məni çox sevindirir. Bu gün şəhidlərimizin də ruhu şaddır. Onların qanı yerdə qalmadı, qisası alındı. Mən də bir Xocavəndli gənc kimi arzu edirəm öz doğma torpaqlarımıza tez bir zamanda qayıdıb, orada işləyib dövlətimə, millətimə yararlı vətəndaş olum. Mən bilirəm ki, bu arzu tezliklə gerçəkləşəcək, həmin gün uzaqda deyil. Bu gün həm Qarabağda, həm Şərqi Zəngəzurda tikinti-quruculuq işləri sürətlə aparılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənlər tərəfindən viran qoyulmuş torpaqlarımızda artıq quruculuq işləri aparılır, yurdumuz gündən günə gözəlləşir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər