01.07.2025, 20:00
AZ EN
13.01.2023, 09:21 409

Ruhun şad olsun, İbrahim!

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi qəhrəmanlarından biri, böyük Zəfərimizə canı-qanıyla gənc yaşında öz imzasını həkk edərək tarix yazan şəhid əsgər İbrahim Şamil oğlu Cəfərovun doğum günüdür. O, 1998-ci il yanvarın 13-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. 2004-2015-ci illərdə İ. Həsənov adına adına tam orta məktəbdə təhsil alıb. 2015-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elektroenergetika mühəndisliyi fakültəsinə daxil olub və 2019-cu ildə ali məktəbi bitirib. İbrahim Cəfərov 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan İbrahim Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb. O, Cəbrayıl, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. İbrahim Cəfərov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb. 18 gün koma vəziyyətində qaldıqdan sonra noyabrın 7-də şəhadətə ucalıb. Şəhidimiz doğma Ağstafa rayonunun Yenigün kəndində böyük el məhəbbəti ilə torpağa tapşırılıb.

Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə " Vətən uğrunda " medalı ilə təltif edilib.

Döyüş yoldaşları, dostları deyirlər ki, İbrahim çox cəsur bir əsgər idi. Yaşının az olmasına baxmayaraq ağır işlərin öhdəsindən gəlirdi. O, həmişə irəli can atırdı. Yoldaşlarına qarşı da çox sayğılı idi. Harada köməyə ehtiyac olsa İbrahim tez orada olardı. Ölümdən qorxmurdu və Vətən uğrunda Şəhid olacağını özünə şərəf bilirdi.

İbrahim uca boyu, gözəl qaməti, şirin gülüşü ilə yaraşıqlı bir gənc, doğmalarının sevinci, fərəhi, ümidi idi. Amma o, Vətəni düşündü. Çünki  Vətəni, ana torpağı müqəddəs hesab edirdi.

İbrahim ən uca məqama – Şəhidlik zirvəsinə ucalanda cəmi 22 yaşı vardı. Amma o, bu gənc yaşında Zəfər tariximizi yazanlardan biri kimi adını əbədi olaraq xalqın yaddaşına yazmağı bacardı.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, İbrahim balamız!

Mina RƏŞİD   

Oxşar xəbərlər