Məlum olduğu kimi, son vaxtlar, ən çox da qış fəsli ölkəmizə daxil olandan bəri qrip xəstəliyi əhali arasında, xüsusən uşaqlar arasında geniş şəkildə yayılıb. Qrip və respirator infeksiyaların kəskin şəkildə artmasına münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla mətbuata açıqlamasında bildirib ki, bu gün pandemiya təcrübəsindən bir mədəniyyət nümunəsi kimi istifadə edilməlidir. Professor qış fəsli ilə əlaqədar infeksion xəstəliklərin yayılmasını təbii hal kimi dəyərləndirib: “Qış fəslində respirator infeksiyaların xüsusi çəkisi həmişə artır. Bu, hər zaman belə olub, pandemiyadan əvvəlki dövrlərdə də. Hazırda qrip virusu və digər respirator infeksiyaların müxtəlif təzahürləri tüğyan edir. Biz konkret olaraq bunun hansı virusa aid olduğunu deyə bilmərik. Amma pandemiyada xüsusi təcrübə əldə etmişik və hesab edirəm ki, bu təcrübədən bir mədəniyyət nümunəsi kimi istifadə edilməlidir. Belə ki, insanlar bir-birilərini qorumalıdır, bunun üçün məsafə saxlanması, gigiyena qaydalarına əməl edilməsi şərtdir. Yaxşı olardı ki, xəstələr yataq rejiminə keçsinlər, çoxlu maye qəbul etsinlər. Buna əməl etsək, yoluxma arealını da azalda biləriş”-, deyə professor bildirib.
A.Qeybulla daha sonra bu vürusla bağlı məlumatların verilməsinin rəsmi qurumların səlahiyyətinə aid olduğunu vurğulayıb: “Bu gün yayılan infeksiyaların identifikasiyası ixtisaslaşmış laboratoriyalara getməli və rəsmi qurumlar bununla bağlı informasiya verməlidir. Bizim dediyimiz mücərrəd rəy düzgün olmaz. Çünki respirator infeksiyaları törədən xeyli sayda vüruslar var. O cümlədən qrip virusu da daxil olmaqla”.
Hazırladı: Tahirə AĞAMİRZƏ