23.11.2024, 00:31
AZ EN
10.01.2023, 11:24 362

Bayrağımızı ucaldan Aqil

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi qəhrəmanlarından biri Aqil Faiq oğlu Əliyevin doğum günüdür. O, 1999-cu il yanvarın 10-da Tovuz rayonunun Pələkli kəndində anadan olub. 2005-2013-cü illərdə V. Rəhmanov adına Pələkli kənd tam orta məktəbində təhsil alıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə xidmət etməyə başlamışdı.

Aqil Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə böyük həvəslə qatıldı. Çünki o, bu müharibəyə çoxdan hazır idi. Tovuz döyüşlərinin iştirakçısı olan igid əsgər general Polad Həşimovun şəhadətə ucalmasından sonra özünə onun heyifini düşməndən alacağına söz vermişdi. Odur ki, yolum Mübariz, Polad yoludur, deyən Aqil Vətən müharibəsində şücaətlər göstərdi. Döyüş tapşırıqlarını xüsusi bir bacarıqla və cəsarətlə yerinə yetirərək düşmənə qan uddurdu.

2020-ci il oktyabrın 15-də Aqil Əliyev Suqovuşan uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıqla şəhadətə yüksəlib. Şəhidimiz doğulub boya-başa çatdığı Tovuz rayonunun Pələkli kəndində böyük ehtiramla dəfn edilib.
Ölümündən sonra Müzəffər Ali Baş Konandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Aqil üçrəngli bayrağımızı çox sevər, onu əzizləyər və ona bürünüb şəkil çəkdirməyi xoşlayardı. “Mən bu bayrağı işğaldan azad edəcəyimiz  torpaqlarda qaldıracağam”, - deyərdi. “Yolum Mübariz, Polad yoludur”, - deyən Aqil, elə bu istəklə də hərbçi olmuşdu.

Aqil evin son beşiyi idi, onu böyük bacısı əzizləyib böyütmüşdü. Ona görə də, o hər sirrini, arzusunu bacısı ilə bölürmüş. Bacısına deyib ki, ürəyimə damıb, mən şəhid olacam... Aqil ədəbiyyatı çox sevir, özü də şeirlər yazardı. Vətən müharibəsində isə bu igid oğul silahı ilə Zəfər salnaməsini yazanlardan biri oldu. İndi onun qəhrəmanlığından yazılır,  şəninə şeirlər, nəğmələr, dastanlar qoşulur...   

Daha bəsdir gözlədim,

İndi çox səbirsizəm.

Bu gün Qisas günüdü

Paladam, Mübarizəm!

Cəmi 21 yaşında tarix yazan şəhidim, ruhun şad olsun. Cənnətdəki doğum günün mübarək, Aqil balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər