Belə oğullarımızdan biri də Fərəcli Elvin Tapdıq oğludur. Əslən Kəlbəcər rayonunun Ağdaban kəndindən olan Elvin 26.09.1992-ci ildə Tərtər rayonunun Çərkəz İsmayılov adına küçədəki evdə anadan olub. 1998-ci ildə Kəlbəcər rayon 36 saylı Laçın kənd orta məktəbinin birinci sinfinə qəbul olunan E.Fərəcli 2009-cu ildə orta təhsilini başa vurub Gəncə Texnologiya Universitetinə qəbul olunub və 2013-cü ildə ali təhsilli gənc kimi həqiqi hərbi xidmətə çağırılıb. Horadiz şəhərindəki N saylı hərbi hissədə xidmətə başlayıb. Bu hissə Araz çayının sol sahilində Lələtəpəyə yaxın ərazidə yerləşirdi. Ordudan tərxis olunandan sonra 2016-cı ilin sentyabr ayında sənədlərini verib həmin ilin sentyabr ayında MAXE kimi hərbi xidmətə qayıtmış, tülkü dərəsi deyilən yerdə xidmətə başlamışdır. Elvin qeyd etdi ki, 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində iştirak edərək 3 oktyabrda ayağımdan qəlpə yarası almışam və Tərtər rayon Mərkəzi xəstəxanasına göndərilmişəm. Oradan Elvini Ucara göndərmək istəsələr də o, gizli olaraq qaçıb döyüşlərə qoşulub. Oktyabrın 24-də minomyot qəlpəsindən bir gözünü itirib. İlk olaraq Tərtər rayon Mərkəzi Xəstəxanasında, sonra isə Ağcabədi Hospitalında və oradan da Bakı şəhərindəki Mərkəzi hərbi Hospitalda uzun müddət müalicə alıb. Hazırda ehtiyatda olan zabit və qazidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə «Suqovuşanın azad olunmasına görə», «Cəsur döyüşçü», «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif edilib.
İsa MUSAYEV