21.11.2024, 21:45
AZ EN
26.12.2022, 10:48 379

Murovdağdan Şuşaya qədər tarix yazan şəhidimiz

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi şəhidi Nurəddin İlqar oğlu Hümbətovun doğum günüdür. O, 1998-ci il dekabrın 26-da Samux rayonunun Nəbiağalı qəsəbəsində anadan olub. 2004-2016-cı illərdə M.Ə.Sabir adına 1 saylı məktəbdə orta təhsil alıb. 2017-ci ildə hərbi xidmətə yollanıb. 2018-ci ildə isə Beyləqanda hərbi xidmətini başa vurub. Nurəddin bir müddət başqa sahələrdə çalışsa da hərbçi olmaq arzusu onu yenidən orduya gətirib. 2020-ci ilin may ayından müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Mərd əsgər Murovdağ istiqamətində Vətənə xidmət edib.

Nurəddin Hümbətov 2020-ci il sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsində sonadək iştirak edib. O, Murovdağ, Suqovuşan, Füzuli, Hadrut və Şuşanın azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə cəsarətlə vuruşub.

Vətən torpağının azadlığı və düşməndən intiqam almaq Nurəddinin uşaqlıqdan arzusu olub. O, “Son zəng”dəki çıxışında da Vətən uğrunda şəhid olmağı özünə şərəf saydığını demişdi. Vətənin qəhrəman oğlu Zəfər sevincini də yaşayaraq öz arzusuna çatdı. Ancaq qələbədən bir gün sonra noyabrın 9-da Şuşa-Xocavənd istqamətində bir əsgər kimi ona verilən tapşırığı yerinə yetirərkən qəhrəmanlıqla şəhid oldu. Şəhidimiz doğulduğu Samux rayonunda böyük bir izdiham və ehtiramla torpağa tapşırılıb.

Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə",

“Kəlbəcərin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medallı ilə təltif edilib.

…Onlar üç dost idilər - Həsən, Yusif və Nurəddin. Həsənlə Nurəddin şəhid oldular, Yusif isə qazi. İndi Nurəddinlə doğmaları fəxr edirlər. Onların yeganə təsəllisi odur ki, oğulları Vətən uğrunda, Şuşada şəhid olub.

Nurəddin şəhadətə ucalanda cəmi 21 yaşı vardı. Amma bu yaşda tariximizin Zəfər salnaməsini yazanlardan biri oldu.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər