Bizə xəyal kimi görünən və nəhayət, 44 günlük Vətən müharibəsində igidlərimiz canları-qanları bahasına bu yollara vurulan düyünləri açdılar, gediş-gəlişimiz bərpa edildi.
Laçının həsrəti ilə yaşayan soydaşlarımızın da xəyalları reallığa çevrildi.
Cabbarovlar ailəsi də doğulduqları müqəddəs torpağın ziyarətinə tələsirdilər.
Laçın şəhər sakini Yeganə Cabbarlı 30 ildən sonra doğma evinə qovuşsa da, gördüklərinə inanmadı və hıçqırığını udsa da, göz yaşlarını saxlaya bilmədi: “Burda fəlakət gördük, fəlakət. Burda gördüklərimizi sözlə ifadə etmək mümkün deyil. Amma yenə də şükürlər olsun, evimiz olmasa da olar, yaxşı ki, torpağımız yerində, dağdağan ağacımız yerindədir, nə yaxşı ki, buna dəyməyiblər. Torpağımın quru ağacına belə qurban olaram. Bu ağac da evim kimi mənə əzizdir”.
İşğalçı ermənilər onların evlərindən əsər-əlamət qoymayıb, su anbarı tikiblər uşaqlıq xatirələrinin yerində. Yeganə Cabbarlı deyir ki, özü ilə birlikdə 7 bacısının ən xoş uşaqlıq çağları, gənclik illəri burda keçib. Laçından didərgin düşəndə 28 yaşı olub onun. Laçın şəhəri salınanda onların yaşadığı məhəllə də ilk inşa edilən binalardandır. Uçuq-söküklərindən belə bir vaxtların əzəmətli tikilisi olduğu aydın sezilir. Bacılar gördükləri mənzərədən məyus olsalar da, həm də sevinirlər.
Aygün Cabbarlı isə bildirir ki, sonuncu dərsin sonuncu gününü çox üzülərək xatırlayıram: 1993-cü ilin may ayının 9-da biz Laçını tərk etmək məcburiyyətində qaldıq. Bu şagirdlərimin təəssüf ki, Laçın şəhər 1 saylı tam orta məktəbində son zəngini çala bilmədik. Nəhayət, 30 ildən sonra, daha doğrusu, 30 il 17 gündən sonra, qismətə baxın ki, həmin şagirdlərimlə yenidən burda görüşdüm.
Hafiz Həsənov isə deyir ki, axırıncı dərsi belə xatırlayıram: “Aygün müəllimənin kimya dərsi idi. Heç bilmədik sinifdən necə çıxdıq, uşaqlıq yaddaşımızda ağır iz buraxan o günləri xatırlamaq çox dəhşətlidir. İndi həmin məktəbimizi belə viranə görmək də qəlbimizi incidir. Amma bütün bunlara baxmayaraq, sevinirəm, çünki torpağımızdayıq, doğma torpağımızda, əsas olan budur. Hər şeyi yenidən qurub-yaratmağı da bacaracağıq. Bizə vu sevinci yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Aytəkin Cabbarlı da digər bacılarının söhbətinə qoşulur və deyir ki, bura mənim babamın evidir. Çox sevinirəm ki, bu evimizi gördüm. Çünki mənim uşaqlığım bu evdə keçib. Ata nənəm və ata babamın qəbirləri də dağıdılıb. Qəbirlərin hər ikisi qara mərmər daşdan idi, üzərində çardaq var idi. Amma ermənilər qəbir daşlarımızı belə daşıyıb aparıblar. Düşmən izimizi bu şəkildə torpaqlarımızdan silməyə çalışsa da, damarlarımızda kök salan Vətən sevgisini silə bilmədi. Biz qayıtdıq. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Şanlı Ordumuzun rəşadəti sayəsində yurd yerlərimizə qovuşduq.
Hazırladı: Tahirə AĞAMİRZƏ