2004-2012-ci illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət edib.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda Əsgər də torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatıldı. O, Füzuli, Xocavənd, Cəbrayıl uğrunda gedən döyüşlərdə mərdliklə savaşdı.
Əsgər Hüseynov 2020-ci il oktyabrın 25-də Xocavənd istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlıqla şəhadətə ucaldı. Balakən rayonunun Kortala kəndində böyük bir izdihamla torpağa tapşırıldı.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu gün doğmaları Əsgəri belə xatırlayır: "Əsgər başqalarının köməyinə çatardı. Evdə və münasibətdə olduğu adamlar arasında hamının sevimlisi idi. Vətənpərvər ruhda böyümüşdü. Torpaqlarımızın işğalını, düşmənin başımıza gətirdiyi faciələri unutmurdu. O, şəhidlərimizin qisasını alacağını və özü də Vətən uğrunda şəhid olacağını söyləyirdi”.
Əsgərin döyüş yoldaşı, qazi Asif Məmmədov deyir ki, mən qolumdan və ayağımdan yaralanmışdım. Əsgər məni belinə alıb, döyüş meydanından çıxardı. Yaralarımı sarıdı. Dedi ki, düşməni susdurub gəlib səni aparacam. Sənin övladların var, qoymaram ki, şəhid olasan. Əsgər tək məni yox, onlarla yaralını xilas etmişdi...
Əsgər evin tək oğlu idi. 21 yaşında ömrünü Vətənə bağışlayaraq Zəfər tariximizə adını qanıyla yazanlardan oldu.
Cənnətdəki doğum günün mübarək, Əsgər balamız!
Mina RƏŞİD