Konsert proqramının açılışından öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra açılış nitqi ilə Ağdam Musiqi Kollecinin Aşıq Sənət Şöbəsinin müdiri “Sarıtel Aşıq” qrupunun rəhbəri aşıq Mehdi Mənsimov çıxış edərək aşıq sənətinin ölkəmizin ən qədim yaradıcılıq sahələrindən biri olduğu və onun xüsusilə Qarabağda keçdiyi inkişaf yolundan bəhs edib.
Konsertə Ağdam Musiqi Kollecinin müəllimləri aşıq Mehdi Mənsimov və aşıq Afil Bəxtiyarov ilə birgə kollecin Aşıq Sənəti şöbəsinin tələbələri Jalə Əliyeva, Mehri Abdullayeva, Rumin Quliyev, Elvin Əhmədov və Koroğlu Mirzəzadə çıxış ediblər.
Konsert proqramında “Ruhani”, “Kərəm gözəlləməsi”, “Baş Sarıtel”, “Dübeydi”, “Mixəyi” və s. aşıq havaları səsləndirilib.
Sonda çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov aşıq sənətinin musiqi janrı kimi xalqımızın ən qədim sərvətlərindən biri olduğunu vurğulayıb və Ağdamda xüsusilə, Ağdam Musiqi Kollecində aşıq sənətinin tədris edilməsinin gələcəkdə müsbət nəticələrinin olacağını qeyd edib. Çıxışının davamında digər musiqi janrlarına olduğu kimi aşıq sənətinə də həmçinin ölkə rəhbərliyinin verdiyi dəyəri, bu sənətin son illərdə keçdiyi inkişaf yoluna baxarkən hiss edildiyini qeyd edib.
Qeyd edək ki, konsert proqramı Ağdam Musiqi Kollecinin direktoru Rəfael Musayevin təşəbbüsü və həmin kollecin müəllimi Ülviyyə Əliyevanın ssenari müəllifliyi ilə keçirilib. Təşkilati dəstək kollecin qeydiyyat qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Rəşad Quliyev və hərbi rəhbər vəzifəsində çalışan Cahangir Qəhrəmanov tərəfindən göstərilib.
Hazırladı: Tahirə AĞAMİRZƏ